İsveçdə məsafədən idarə edilən uçuş-enmə zolağı istismara veriləcək

06 Noyabr 2014 - 11:32 | Texnoloji yeniliklər
İsveçdə məsafədən idarə edilən uçuş-enmə zolağı istismara veriləcək

Ən mürəkkəb proseslərə nəzarət və onları idarə etmək üçün  məsafədən idarəetmə sistemləri hər il daha da təkmilləşdirilir. İsveçin şimalında yerləşən  Ernşeldsvik şəhərindəki kiçik hava limanı da buna parlaq nümunədir. Tezliklə burada dünyada ilk dəfə olaraq, məsafədən idarə edilən və monitorinq aparılan uçuş-enmə zolağı istismara veriləcək.

www.3dnews.ru saytının məlumatında bildirilir ki, uçuşların tənzimlənməsinin klassik sxeminin irimiqyaslı modernləşdirilməsi İsveç Nəqliyyat Agentliyi tərəfindən rəsmi olaraq təsdiq edilmişdir və gələn ilin əvvəlində həyata keçiriləcək.

Texnologiyanın müəllifləri bu hava limanının sınağına hələ üç il əvvəl başlayıblar. Onlar ümid edirlər ki, yeni sistem hava trafikinin koordinasiya edilməsi sahəsində inqilab edəcək. Bundan əlavə, uçuş-enmə zolağının uzaq məsafədən idarə olunması - bütün idarə xidmətlərinin mərkəzləşdirilməsi hava limanın rəhbərliyinə xərcləri azaltmaq imkanı verəcək.

Layihənin əsas hissəsi mülki aviasiya administrasiyasının nümayəndələri və “Saab AB” şirkətinin ekspertləri tərəfində həyata keçirilmişdir. Nəticədə Ernşeldsvik  şəhərinin hava limanında yerə enən təyyarələrin manevrləri uçuş-enmə zolağından 103 km məsafədə yerləşən Sundsvall hava limanındakı dispetçer tərəfindən koordinasiya ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.