AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin həmmüəllifi olduqları, multidissiplinar nəzəri-metodoloji yanaşma əsasında yazılmış “Возможности использования фольклора в информационной безопасности” (“İnformasiya təhlükəsizliyində folklordan istifadə imkanları”) adlı məqalə Rusiyanın nüfuzlu “İnformasiya Cəmiyyəti” jurnalında dərc olunub. Jurnal “Web of Science” platformasında indeksləşən “Russian Science Citation Index” (RSCI) bazasına daxildir.
Məqalədə ilk dəfə olaraq milli təhlükəsizliyin mühüm komponentlərindən hesab olunan informasiya təhlükəsizliyinin təmin edilməsində folklorun rolu araşdırılmış, kibercinayətkarlıq və kiberzorakılığın aşkarlanmasında, o cümlədən gizli sosial şəbəkələrin müəyyənləşdirilməsində folklorun spesifik imkanlarından istifadənin perspektivləri müəyyənləşdirilmişdir.
Qeyd olunmuşdur ki, İnternet bütün müsbət xüsusiyyətləri ilə yanaşı, bədniyyətli insanların, mütəşəkkil, transmilli kriminal qrupların fəaliyyəti və hüquqazidd əməllərinin reallaşdırılması üçün də olduqca münbit sosio-texnoloji mühitdir. İnternet, eləcə də sosial media istifadəçilərə saxta hesab (“fake profile”) və yaxud ləqəblərdən (“nickname”) istifadə etməklə xüsusi anonimlik imkanı yaradır ki, bu da bir tərəfdən fərdlərin sosiallaşmasına mane ola biləcək psixoloji baryerlərin aradan qalxmasına, digər tərəfdən də müxtəlif neqativ, qanunazidd əməllərin həyata keçirilməsinə səbəb olur.
Belə bir şəraitdə ziyanlı fəaliyyətlə məşğul olan İnternet istifadəçilərinin aşkarlanması və identifikasiyası olduqca aktual məsələlərdən biri kimi meydana çıxır.
Virtual mühitdə fəaliyyət göstərən müxtəlif istifadəçilər, o cümlədən cinayətkar subyektlər müəyyən bir folklor mədəniyyətinin də daşıyıcılarıdır. Hər bir fərd, o cümlədən, İnternet istifadəçisi kommunikativ prosesdə və yaxud hər hansı bir davranış aktında aid olduğu folklor mühitini, folklor qrupunu, nəhayət folklor kimliyini hansısa elementləri ilə büruzə verir. Bu baxımdan baş verən hər hansı bir kibercinayətkarlıq faktında araşdırılan obyektin (fərdin, qrupun, şəbəkənin və s.) aşkarlanması üçün spesifik əlamətlərdən biri kimi onun folklorik portreti və imzası mühüm rol oynayır. Bu isə folklor vasitəsilə informasiya təhlükəsizliyi kontekstində müəyyən bir kontentin, yazılı və ya şifahi nitqin müəllifinin, gizli sosial qrup və proseslərin folklor profilini yaratmağa, kompüter texnologiyaları və müəyyən analitik metodlarla həmin folklor profilini ən müxtəlif parametrlər üzrə xarakterizə etməyə imkan verir.
Digər tərəfdən, hazırda dünya ictimaiyyətini narahat edən əsas problemlərdən biri anonim adlarla fərdi və ya qrup şəklində sosial şəbəkələrdə ziyanlı, destruktiv fəaliyyət göstərən, yalan məlumatlar yaradan və yaxud yayan kibercinayətkar elementlərin və icmaların aşkarlanması məsələsidir. Bu istiqamətdə, yəni sosial şəbəkələrin analizi nəticəsində son zamanlar kriminal fəaliyyətlə məşğul olan kriptocəmiyyətlərin deşifrə olunması üçün müxtəlif intellektual metodlar və alqoritmlər işlənilmişdir.
Bunu nəzərə alaraq, məqalədə belə bir təklif irəli sürülür ki, folklora fərdləri sosial qruplara, ortaq dəyər və davranışlar sisteminə bağlayan etnik identifikator, milli kimlik (etnik və qrup kimliyi), milli xarakter və tipologiyanın müəyyənləşməsində açar rolunu oynayan kriptoqrafik informasiya (imza) kimi yanaşmaq mümkündür.
Məqalədə, həmçinin informasiya texnologiyalarının tətbiqi əsasında folklor arxivlərinin rəqəmsallaşdırılması, onların müxtəlif parametrlər üzrə təsnif olunması, həmin folklor resursları üzərində analizlərin aparılması istiqamətində bir sıra dünya ölkələrinin təcrübəsi də nəzərdən keçirilmiş, bu təcrübə nəzərə alınmaqla, informasiya təhlükəsizliyinin təmin edilməsində və kibercinayətkarlıq əməllərinin aşkarlanmasında folklordan istifadənin bir sıra elmi-nəzəri və praktiki problemləri təsnif edilmiş, onların həlli istiqamətində konkret təkliflər irəli sürülmüşdür. Qeyd olunmuşdur ki, bütün bu işləri süni intellekt nəzəriyyəsinin çox geniş istifadə olunan metodları – obrazların tanınması, obyektlərin klassifikasiyası və klasterizasiyası, datamining, NLP (Natural Language Processing) və digər smart texnologiyaların tətbiqi ilə uğurla həyata keçirmək mümkündür.
Həmçinin o da vurğulanmışdır ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində meydana çıxan kompüter folklorşünaslığı (tətbiqi folklor) və onun digər sahələri həm folklorşünaslığın genişlənməsinə, həm də informasiya texnologiyalarının tətbiqi ilə digər sahələrdə mühüm nəticələrin əldə olunmasına rəvac verəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.