AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.
“Green İT-də innovativ həllər” mövzusuna həsr edilmiş məruzəni şöbənin əməkdaşı Orxan Mehdiyev təqdim edərək bildirdi ki, seminar hazırda bütün dünyada geniş yayılmış COVID-19 virusu, onun mənfi və müsbət tərəfləri, eləcə də İT sənayesinə təsiri məsələsinə həsr olunub.
COVID-19 pandemiyasının həyatımızı əsaslı şəkildə dəyişdirdiyini, “rəqəmsal uçurum” deyilən ifadənin daha da aktuallaşdığını qeyd edən məruzəçi diqqətə çatdırdı ki, pandemiya fonunda “Microsoft” şirkətinin təcrid olunmuş bölgələrdə bulud xidmətlərindəki yükü 77% artıb.
Distant tədris və onlayn konfranslar barədə məlumat verən O.Mehdiyev vurğuladı ki, mart-sentyabr ayları ərzində distant təhsilə tələb 60% artıb. “Zoom” üç ay ərzində istifadəçi sayını 10 milyondan 200 milyona, səhm qiymətini isə 113,11 dollardan 149,5 dollara qədər yüksəldib.
O, pandemiya dövründə İnformasiya Texnologiyaları İnstitutunda da rəhbərliyin qərarları və tapşırıqlarının əməkdaşlar tərəfindən operativ olaraq onlayn formada icra olunduğunu, institutun AzScienceNet şəbəkəsinin fasiləsiz rejimdə öz fəaliyyətini davam etdirdiyini diqqətə çatırdı.
“Alimlərin sözlərinə görə, bu gün insanlar elm sahəsinə daha çox maraq göstərirlər”, - deyən məruzəçi əlavə etdi ki, dünya əhalisinin elmə və alimlərin məsləhətinə marağı 46%-ə qədər artıb.
Koronavirusun müsbət tərəflərindən bəhs edən O.Mehdiyev vurğuladı ki, pandemiya insanları iqtisadiyyata, ətraf mühitə, təbiətə daha çox qayğı göstərməyə sövq etmişdir: “Son illərdə iqlim dəyişikliyi mövzusu beynəlxalq gündəmdə əsas yeri tutur və pandemiya bu kimi narahatlıqların doğruluğunu bir daha sübut edir. Çünki müxtəlif mənbələrin bildirdiyinə görə, xəstəliyin əsas səbəblərindən biri də qlobal istiləşmədir.”
Məruzəçi söylədi ki, IEEE 802.3az standartı “yaşıl” Ethernet şəbəkə portların məlumat ötürülməsinin olub-olmamasından asılı olaraq daha yuxarı güc rejimindən (məlumat ötürmə rejimi) aşağı güc rejiminə (LPI rejimi) keçməsinə imkan verən simmetrik bir protokol kimi müəyyənləşdirir. Bu texnologiyaya LPI (Aşağı güc iddiası) deyilir. LPI kanal istifadəsi olmadığı dövrlərdə istifadə edilə bilən aşağı enerji istehlakının vəziyyətini təyin edir.
Sonra o, IEEE 802.3az standartına görə enerjiyə qənaətli Ethernet-in faydalarından danışdı. Qeyd etdi ki, hər bir port üçün ümumi enerji istehlakının azalması, uzunmüddətli perspektivdə çox sayda şəbəkə cihazı olan təşkilatlar üçün enerjiyə kifayət qədər qənaət edir.
Tibb sənayesinin tullantılarından söz açan məruzəçi diqqətə çatdırdı ki, pandemiya dövründə tibb avadanlıqları və müalicə mərkəzlərinin tullantıları sürətlə artıb və onların utilizasiyası əvvəlki illərə nisbətən indiki dövrdə daha prioritet istiqamətə çevrilib.
Sonda O.Mehdiyev bildirdi ki, son illərdə dünyada baş verən hadisələr gələcəkdə bir çox ciddi dəyişikliklərin baş verəcəyini, ekologiya yönümlü bəzi qanunların qəbul ediləcəyini, eləcə də ətraf mühitin qorunmasının daha prioritet məsələyə çevriləcəyini proqnozlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.