Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı informasiya müharibəsində institutun əməkdaşları fəal iştirak edirlər

17 Oktyabr 2020 - 15:27 | Konfranslar, İclaslar
Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı informasiya müharibəsində institutun əməkdaşları fəal iştirak edirlər

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı informasiya müharibəsində institut əməkdaşlarının iştirakı məsələsi Elmi şuranın onlayn iclasında müzakirə olundu.

Bu barədə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov çıxış edərək informasiya müharibəsinə dair institutda kompleks tədbirlərin görüldüyünü, bu məsələ ilə bağlı Operativ Qərargahın yaradıldığını qeyd etdi.

R.Ələkbərov bildirdi ki, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin, beynəlxalq hüquq və normalara zidd cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də təcavüzkarların beynəlxalq aləmi saxta məlumatlarla aldatmağa yönəlmiş dezinformasiya fəaliyyətinin qarşısının alınması məqsədilə tövsiyələr hazırlanmış və institut əməkdaşlarının e-poçt ünvanlarına göndərilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi üçün apardığı haqlı mübarizəsini dəstəkləmək məqsədilə hər kəs əməkdaşlıq etdiyi beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, eləcə də xaricdə yaşayan alim həmvətənlərimizə Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı obyektiv məlumatlar göndərməlidir.

Əməkdaşlara məlumat yayarkən yalnız etibarlı mənbələrə, dövlətin rəsmi saytlarına istinad etmələri, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fəal iştirak edərək ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmaları tövsiyə olunmuşdur.

Son günlərdə korporativ elektron poçt xidməti istifadəçilərinə qarşı kütləvi “fişinq” hücumlarının həyata keçirildiyini deyən alim, bu məsələ ilə bağlı AzScienceNet şəbəkəsinin administrasiyasının müraciət yaydığını qeyd etdi. Bildirdi ki, şəbəkənin mütəxəssisləri e-poçt xidmətinin istifadəçilərinə xüsusilə diqqətli olmağı, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir linkə daxil olmamağı və ya fayl yükləməməyi tövsiyə etmişdir.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə terror-təxribat aktlarını həyata keçirmək niyyətləri barədə vətəndaşlara ünvanlandığı xəbədarlıqla bağlı da əməkdaşlar məlumatlandırılmışlar.

Direktor müavini institut əməkdaşlarının Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı və ermənipərəst xeyriyyə fondlarının separatçı dövlətin silahlandırılmasına yönəlmiş fəaliyyətlərini dayandırmaq məqsədilə açılmış petisiyaları imzaladığını diqqətə çatdırdı.

Sonra institutun bir neçə əməkdaşı çıxış edərək Ermənistanın təcavüzkar siyasətinə qarşı  informasiya müharibəsinin aparılması istiqamətində həyata keçirdikləri fəaliyyətləri haqqında məlumat verdilər. Əməkdaşlıq etdikləri beynəlxalq jurnalların redakiya heyətlərinin üzvlərinə Azərbaycan həqiqətlərini əks etdirən məlumatları göndərdiklərini,  xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarına, alim və mütəxəssislərə tarixi faktların əks olunduğu məktublar ünvanladıqlarını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.