Doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olundu

15 Sentyabr 2020 - 15:57 | Konfranslar, İclaslar
Doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olundu

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun doktorant və dissertantların elmi fəaliyyətinə həsr olunmuşdu.

Tədbirdə doktorant və dissertantlar çıxış edərək apardıqları tədqiqatlar, çap olunan tezis, konfrans materialı və məqalələr, eləcə də elmi rəhbərləri tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq doktorant və dissertantlar elmi rəhbərləri ilə onlayn formada mütəmadi olaraq əlaqə yaradaraq dissertasiya işlərinə dair müzakirələr aparır.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxışlara dair münasibətini bildirərək hər bir tədqiqatçının elmi fəaliyyəti və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması, onların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tövsiyələr verdi.

Akademik, həmçinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnformasiya Texnologiyaları İnstitutuna doktorluq şurasının verildiyini diqqətə çatdırdı. Bildirdi ki, artıq institutun nəzdində bir neçə ixtisas üzrə elmlər doktorlarının müdafiəsi keçirilə bilər. Alim bu münasibətlə institutun kollektivini təbrik etdi.

R.Əliquliyev qeyd etdi ki, bu, bizim instituta cəlb olunmuş həmkar alimlərimizə yüksək qiymət verildiyini göstərir.  Eyni zamanda hər birimizin məsuliyyətini daha da artırır. Akademik Ali Attestasiya Komissiyasının rəhbərliyinə, şəxsən Famil Mustafayevə instituta göstərdiyi etimada görə təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.