İnformasiya Texnologiyaları İnstitutunda tədris yenidən təşkil olunur

12 Sentyabr 2020 - 09:54 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunda tədris yenidən təşkil olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq iclasın institutun əsas fəaliyyət istiqamətlərindən biri olan tədrislə bağlı mühüm məsələlərin müzakirəsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə həsr olunduğunu qeyd etdi.

Akademik koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə təhsil sahəsində müəyyən fasilələrin yarandığını, tədrisin onlayn formada təşkil olunduğunu diqqətə çatdırdı.

Son zamanlar xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq dövlət tərəfindən təhsil sahəsində müəyyən tədbirlərin həyata keçirildiyini, yeni qərarların qəbul olunduğunu qeyd edən alim, AMEA-da da tədris fəaliyyətinin yenidən təşkili ilə bağlı işlərin görüldüyünü dedi.

R.Əliquliyev qeyd etdi ki, rəhbərlik etdiyi qurumun qarşısında duran mühüm vəzifələrdən biri də magistratura, doktorantura və dissertantura ilə bağlı tədrisin yüksək səviyyədə təşkil olunmasıdır. Bildirdi ki, institutun Tədris-İnnovasiya Mərkəzində AMEA üzrə bütün magistrantlar üçün ümumi fənlərin tədrisi aparılır ki, yeni tədris ilində də bu istiqamətdə fəaliyyət müəyyən tələblər çərçivəsində davam etdiriləcək.

“Senyabrın 15-i ölkəmizdə Bilik günü kimi qeyd olunur. Bu, bizim üçün bir çağırışdır ki, resurslarımıza yenidən baxaq, təhsilin məzmununu və təşkilati məsələləri geniş şəkildə müzakirə edək”, - deyə alim bildirdi. Əlavə etdi ki, yeni tədris ilində fəaliyyətimizi AR Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də AR Təhsil Nazirliyinin  müəyyənləşdirdiyi tələblərə riayət edərək qurmalıyıq. R.Əliquliyev Bilik günü münasibətilə bütün pedaqoji ictimaiyyəti təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.