AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq bazalarda indeksləşməsi məsələsi ilə bağlı müzakirələr aparıldı.
Bu barədə çıxış edən institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Əliyeva “Index Copernicus”, “Scopus”, “Index Copernicus”, “Inspec”, “Open Academic Journals Index” (OAJI.net), “DBLP” və digər beynəlxalq elmi bazalara müxtəlif illərdə institut tərəfindən olunan müraciətlər barədə məlumat verdi. “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının bu bazalarda indeksləşməsi ilə bağlı görülən işləri diqqətə çatdırdı.
Sonra məruzəçi “Scopus” və “DOAJ” elmi bazalarında indeksləşmək üçün qoyulan əsas tələblərdən söz açdı. Bildirdi ki, buraya məqalələrin rəy prosesidən keçməsi, ingilis dilində xülasələrin olması, daimi nəşr, roman əlifbası ilə biblioqrafiya, nəşr etikasına dair bəyanat, jurnalın redaktor və redaksiya heyətinin olması və s. aiddir.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutun elmi jurnallarının nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşməsinin mühüm məsələ olduğunu qeyd etdi, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həlli ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməsinin önəmini diqqətə çatdırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.