İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verir

13 Avqust 2020 - 16:36 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açdı, iclasda institut əməkdaşlarının 2020-ci ilin I yarımili ərzində iştirak etdiyi qrant layihələri haqqında məsələnin müzakirə olunacağını diqqətə çatdırdı.

AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək AR Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, layihə üzrə bugünədək 5 məqalə, 6 konfrans materialı çap olunmuşdur: “Hazırda bir neçə məqalə üzərində iş gedir, layihə çərçivəsində ümumilikdə 12 elmi iş nəzərdə tutulur”.

İnstitut alimlərinin elm tutumlu qrant layihələrdə uğurlu iştirakı ilə bağlı fikirlərini bölüşən akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumda Azərbaycanın neft sənayesinin inkişafı və intellektuallaşdırılmasında qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı aparılan elmi tədqiqatları yüksək qiymətləndirdi.

“İnstitut IV sənaye inqilabının çağırışlarını rəhbər tutaraq ölkədə gedən intellektual proseslərdə fəal iştirak edir”, – deyən alim bu qurumda əldə olunan elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə vacib olduğunu vurğuladı: “Alimlərimiz dünya elminin tələblərinə cavab verən tədqiqatlar aparır. İnstitut əməkdaşlarının gərgin əməyinin öz layiqli qiymətini alması üçün ictimaiyyətlə əlaqələrin və təbliğat işlərinin gücləndirilməsi zəruridir”.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin fundamental tədqiqatlarla yanaşı, tətbiqi tədqiqatlara da xüsusi önəm verdiyini qeyd edən R.Əliquliyev, biliklər iqtisadiyyatının inkişafında elmin gücü və rolunun artırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırdı.

Akademik, həmçinin institut və neft-qaz sənayesi problemləri ilə bağlı əldə olunmuş nailiyyətlərə dair  biblioqrafik broşürlərin hazırlanmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.