Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının onlayn iclası keçirilib

17 İyun 2020 - 17:35 | Konfranslar, İclaslar
Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının onlayn iclası keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib. 

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, akademik Əli Abbasov, bir sıra məsul şəxslər, rezidentlik üçün müraciət etmiş müəssisələrin rəhbərləri, eləcə də media nümayandələri iştirak ediblər.

Əvvəlcə Şura üzvləri İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzu ediblər.

Sonra Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

O, AMEA Rəyasət Heyətinin 15 may 2020-ci il tarixli qərarının icrasından irəli gələn vəzifələrə dair çıxış edərək bu məsələlərin qeyd olunan tarixdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Rəyasət Heyətinin onlayn iclasında müzakirəyə çıxarıldığını xatırladıb. Qeyd edib ki, AMEA rəhbəri iclasda YT Parkın müasir tələblərə cavab verən və ölkə iqtisadiyyatına mühüm töhfələr təqdim edən quruma çevrilməsi, müəssisənin yeni inkişaf konsepsiyasının hazırlanması, akademiya alimlərinin bugünədək əldə etdikləri elmi nailiyyətlərin tətbiqi və perspektivli layihələrin maliyyələşdirilməsi, həmçinin postpandemiya dövründə respublikanın təhsil və elmi müəssisələrinin tələbatları ilə bağlı mütəmadi olaraq dəyirmi masaların keçirilməsi üçün müəyyən tapşırıqlar verib.

 “Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi, dövlətin elmi tutumlu məhsullara olan təlabatının ödənilməsi, müxtəlif qurumlarla elmi müəssisələr arasında əlaqələrin yaradılması, bank sektorunun cəlb edilməsi istiqamətində xüsusi rola malikdir”, – deyə bildirən akademik R.Əliquliyev Parkın qarşısında duran vəzifələrə yenidən baxılması, eləcə də bu qurumda rəqabətədavamlı texnoloji məhsulların hazırlanması, ölkənin intellektual potensialının cəlb olunması, xarici ölkələrdən investisiya axının həyata keçirilməsi, o cümlədən startaplara dəstək verilməsi kimi mühüm işlərin icrasının zəruriliyini vurğulayıb.

Ölkəmizdə milli intellektual potensiala böyük təlabat yarandığını deyən Şura sədri istər hərbi, istər strateji və digər dövlət qurumlarından sifarişlərin qəbulu əsasında Parkın fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsinin vacib məsələlərdən olduğunu bildirib.

Akademik R.Əliquliyev YT Parkın yeni inkişaf konsepsiyasının hazırlanmasında beynəlxalq təcrübənin, ölkə qanunvericiliyinin, biliklər iqtisadiyyatının tələblərinin, milli innovativ mühitin formalaşmasının əsas prinsipləri rəhbər tutularaq nüvə, nano, bio və informasiya texnologiyaları da daxil olmaqla bütün mümkün istiqamətlər üzrə perspektivlərin nəzərə alınmasının önəmini qeyd edib. O, Şura üzvlərinə elmi müəsisələr və rezidentlərlə sıx əlaqələr quraraq mövcud problemlərin həllində yaxından iştirak etməyi tövsiyə edib.

Daha sonra AMEA Yüksək Texnologiyalar Parkında son dövrlərdə aparılan islahatlar barədə bu qurumun baş direktoru, akademik Əli Abbasov çıxış edib. Alim Ekspert Şurasının üzvlərinə rəhbərlik etdiyi qurumun bugünkü vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. O, elmi nəticələrin kommersiyalaşdırılmasının YT Parkın əsas vəzifələrindən biri olduğunu qeyd edərək, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu istiqamətin inkişafına  xüsusi diqqət yetirildiyini vurğulayıb.  

YT Parkın yeni inkişaf konsepsiyasının hazırlanması ilə bağlı görülən işlərdən söz açan akademik Ə.Abbasov bildirib ki, müəssisədə Parkın fəaliyyətinə mane olan problemlərin həll olunması və çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar olaraq müvafiq komissiyalar yaradılıb, bir sıra vacib işlər görülüb. 

O, Parkın mövcud vəziyyətinin qiymətləndirilməsi və qurumun qarşısında duran hədəflərin müəyyənləşdirilməsindən danışaraq, hazırda məsləhətçi şirkətlərlə əlaqələrin yaradıldığını, təkliflərin irəli sürüldüyünü söyləyib.  Alim yeni inkişaf konsepsiyasının hazırlanmasında AMEA-nın  müvafiq elmi müəssisələrinin iştirakı və dəstəyinin önəmini qeyd edib. 

Direktor koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar olaraq virtual məkanda fəaliyyətin genişləndirilməsinin zəruri olduğunu söyləyib. O, YT Parkın fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə mütəmadi olaraq çatdırılması, eləcə də müxtəlif səmərəli əməkdaşlıqların təşkili məqsədilə bu müəssisənin veb-saytının təkmilləşdirilməkdə olduğunu deyib.

Alim, həmçinin YT Parka ali məktəblər, gənc tədqiqatçılar və tələbələrin cəlb olunması, startap layihələrin həyata keçirilməsi, dünya təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də kadr potensialının gücləndirilməsi ilə bağlı fikirlərini də səsləndirib.

İclasda İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin təşəbbüsü ilə bir sıra layihələrlə bağlı fikir mübadiləsi aparılıb, bu layihələrin YT Parkda tətbiqi məsələləri müzakirə olunub. T.Əliyev rəhbərlik etdiyi institutda hazırlanan, böyük elmi tutuma və iqtisadi əhəmiyyətə malik olan, dəniz platformalarında, qazma prosesində, neft-qaz kəmərlərində baş verən qəzalarla bağlı problemləri nəzərdə tutan bir sıra layihələrin YT Parkla birgə həyata keçirilməsinin əhəmiyyətini və perspektivlərini diqqətə çatdırıb.

Daha sonra Ekspertlər Şurasının katibi, akademik Vaqif Fərzəliyev YT Parkın rezidenti olan müəssisələr barədə danışıb. Həmçinin rezident kimi qeydiyyata alınmaq üçün müraciət etmiş “EMSYS” MMC və “IntelPRO” MMC şirkətlərinin təhsilin idarəedilməsi, məsafədən onlayn tədris sistemi, eləcə də pilotsuz uçan aparatların layihələndirilməsi və istehsalı ilə bağlı layihələri haqqında ətraflı məlumat verib.

Şura üzvləri şirkətlərin innovasiya layihələrinə dair münasibət bildirdikdən sonra səsvermə keçirilib, adıçəkilən iddiaçılara rezidentlik statusunun verilməsi barədə qərar qəbul olunub.

Sonda Ekspertlər Şurası üzvlərinin bir sıra sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.