Magistr dissertasiya işi onlayn formada müzakirə olundu

03 İyun 2020 - 17:00 | Konfranslar, İclaslar

“Zoom Meeting” proqramı vasitəsilə təşkil olunan tədbirdə vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi məsələsinə həsr olunmuş tədqiqat işi müzakirə olundu.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı onlayn formada keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev açaraq seminarın “Vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun magistrantı Aysən Fərəcova tədqiqat işini təqdim etdi. O, məsələnin aktuallığını önə çəkərək e-dövlət xidmətlərinin göstərilməsi və qarşılıqlı mübadiləsinin daha rahat, faydalı və sərfəli imkanlar təklif etdiyini dedi. İşin əsas məqsədinin e-dövlət portalları tərəfindən göstərilən xidmətləri vətəndaş məmnunluğu vasitəsilə analiz etmək və çoxmeyarlı qərar qəbuletmə (ÇMQQ) metodları əsasında qiymətləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, dissertasiya işində beynəlxalq təcrübədə e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi istiqamətində görülən işlər, e-dövlətdə e-xidmətlərin istifadəsi sahəsində vətəndaş məmnuniyyətinin vəziyyəti, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizi və digər aktual məsələlərə baxılmışdır.

O, e-dövlət xidmətlərinin göstərilməsi sahəsində dünya təcrübəsindən də danışdı. Avstraliya, Sinqapur, Cənubi Koreya, Finlandiya və Estoniyada e-dövlət xidmətləri, e-dövlət tətbiqləri, e-dövlət siyasəti, bu ölkələrdə e-dövlət portallarından istifadə ilə bağlı ətraflı məlumat verdi. Həmçinin ölkəmizdə fəaliyyət göstərən Elektron Viza Sistemi, Vahid Giriş Sistemi, Elektron Ödənişlər Sistemi, Milli Məlumatlandırma Sistemi və s. haqqında danışdı.

“Vətəndaş məmnuniyyəti keyfiyyət menecmentinin əsas prinsipidir”, – deyən tədqiqatçı vətəndaş yönümlü xidmət konsepsiyasını tətbiq etmək üçün vətəndaş gözləntilərinin nə olduğunu bilməyin vacibliyini vurğuladı.

Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən məruzəçi, e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübənin araşdırıldığını, e-dövlətdə e-xidmətlərin istifadəsi və vətəndaş məmnuniyyətinin mövcud vəziyyətinə baxıldığını, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizinin aparıldığını və e-xidmətlərin qiymətləndirilməsinə təsir edən meyarların müəyyən edildiyini diqqətə çatdırdı.

A.Fərəcova, həmçinin e-dövlətin inkişafı üçün prioritetlər, e-dövlət üçün yeni rəqəmsal yanaşma, e-dövlətin inkişaf istiqamətləri, vətəndaş məmnuniyyətinə təsir edən meyarlar barədə ümumi məlumat verdi.

Akademik R.Əliquliyev məruzə ilə bağlı tövsiyələrini bölüşərək mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini dedi. Alim vətəndaş məmnunluğu sahəsində baxış və parametrlərin dərindən araşdırılmasının, eləcə də koronavirus pandemiyası dövründə e-dövlət xidmətlərindən istifadə ilə bağlı tədqiqatların aparılmasının vacibliyini qeyd etdi.

Daha sonra seminarda 17 saylı şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı müzakirələr aparıldı.

AMEA-nın vitse-prezidenti əməkdaşları koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tələbləri və sosial izolyasiya qaydalarına riayət etməyə, sağlamlıqlarını qorumağa, eyni zamanda elmi fəaliyyətlərini davam etdirməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.