AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirir.
Bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, xüsusi karantin rejimində bütün sahələrdə olduğu kimi, elmi fəaliyyətin həyata keçirilməsində də informasiya-kommunikasiya texnologiyaları xüsusi rol oynayır. Akademik belə bir şəraitdə İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən, AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq, e-mail, veb-portallara xidmət, cloud computing və s.) ilə təmin edən “AzScienceNet” elm-kompüter şəbəkəsinin üzərinə xüsusi missiya düşdüyünü vurğulayıb: “AzScienceNet”, həmçinin ölkəmizin elm və təhsil müəssisələrinin GEANT (Avropanın Elm və Təhsil şəbəkəsi) təşkilatına inteqrasiyasını, Mill GRİD Mərkəzinin dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir”.
R.Əliquliyevin sözlərinə görə, “AzScienceNet”in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institutun əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrup növbətçilik prinsipi əsasında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin fəaliyyətinə texniki dəstək göstərir.
İnstitut direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumda hazırda idarəetmə məsələləri onlayn rejimdə həyata keçirilir, internet üzərindən müşavirələr, elmi seminarlar keçirilir, məsləhətləşmələr aparılır. Xüsusi karantin rejimində institutda elmi fəaliyyət əməkdaşlar tərəfindən ev şəraitində və plana uyğun olaraq, tam həcmdə həyata keçirilir.
“İnstitut əməkdaşları 4-cü sənaye inqilabı, Big Data analitikası və Data Mining problemləri, informasiya təhlükəsizliyi, süni intellekt texnologiyaları, “Cloud” texnologiyaları, proqram mühəndisliyi, e-elm və elmmetriya, elektron dövlət, elektron tibb, elektron təhsil, informasiya və bilik iqtisadiyyatı kimi prioritet istiqamətlər üzrə elmi fəaliyyətlərini davam etdirirlər. Birinci rübdə elmi tədqiqatlarla bağlı qarşıya qoyulan vəzifələr, o cümlədən qrant layihələri çərçivəsində olan işlər, əsasən, yerinə yetirilib. Əldə olunan elmi nəticələrin əks olunduğu məqalə və tezislər dünyanın bir sıra nüfuzlu jurnallarına və konfranslarına təqdim olunub, bəziləri artıq çapa qəbul edilib”, - deyə R.Əliquliyev bildirib.
Alim institutun dövri elmi nəşrləri olan “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəaliyyətinə də toxunub: “Jurnalların redaksiya heyəti də öz işlərini onlayn rejimdə davam etdirir, məqalələrin təqdim edilməsi, ekspert rəyindən keçirilməsi, çapa hazırlanması prosesləri normal qaydada həyata keçirilir. Hər iki jurnala təqdim edilən məqalələrin sayı və keyfiyyəti deməyə əsas verir ki, onların növbəti sayları qrafik üzrə, vaxtında dərc olunacaq”.
Akademik R.Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur. Belə ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantlar isə elmi rəhbərlərin iştirakı ilə distant qaydada elmi-pedaqoji təcrübə keçirlər. İnstitutun magistraturasında ümumilikdə 3 ixtisas - kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.
İnstitutun rəsmi veb-saytı olan www.ict.az-ın istismarının da məsul əməkdaşlar tərəfindən ev şəraitində həyata keçirildiyini deyən alim saytın operativ olaraq zəruri kontentlə təmin olunduğunu vurğulayıb.