İnstitutun əməkdaşı Belarusun Yüksək Texnologiyalar Parkında olmuşdur

30 Oktyabr 2014 - 16:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə Azərbaycanda informasiya iqtisadiyyatının formalaşması problemlərinin tədqiqi ilə bağlı qrant layihəsi həyata keçirilir. Layihə çərçivəsində innovativ iqtisadiyyatın formalaşması üzrə xarici təcrübənin öyrənilməsi məqsədilə Minsk şəhərinə ezamiyyət nəzərdə tutulmuşdur. Bu məqsədlə institutun şöbə müdiri, layihə rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Belarusun Yüksək Texnologiyalar Parkında (YTP) olmuşdur.

Ə.Əliyev Azərbaycanın innovasiya iqtisadiyyatının formalaşmasında ölkəmizin müxtəlif bölgələrində yaradılan texnoparklar, sənaye və yüksək texnologiya parkların rolunundan danışıb.

Sonra Belarusun YTP-nin baş direktorunun birinci müavini Aleksandr Mixayloviç Martinkeviç Yüksək Texnologiyalar Parkında həyata keçirilən işləri diqqətə çatdırıb. Bildirib ki, YTP-də yer alan proqram təminatı məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunur. Parkda 138 rezident firmanın fəaliyyət göstərdiyini bildirən direktor müavini parkın təşkilatı strukturu, idarə heyəti haqqında məlumat verib.

Görüşdən sonra Ə.Əliyev parkda fəaliyyət göstərən firmalar və YTP-nin  biznes inkubatorunun fəaliyyəti ilə tanış olub.

Sonda tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və birgə layihələrdə iştirak haqqında razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.