İnformasiya təhlükəsizliyinin elmi-texnoloji problemləri araşdırılır

05 Fevral 2014 - 02:59 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti şöbənin illik hesabatı dinlənildi. Öncə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyev elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Şöbə əməkdaşları tərəfindən informasiya təhlükəsizliyinin elmi-texnoloji problemləri istiqamətində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları, kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi, şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual monitorinq sisteminin işlənilməsi və s. kimi mövzularda aparılan araşdırmalar və əldə olunan nəticələrdən danışdı. 

Qeyd etdi ki, aparılan tədqiqatların nəticəsində e-dövlət mühitində informasiya təhlükəsizliyi metodları işlənmişdir. Bu mövzu üzrə həmçinin, informasiya təhlükəsizliyinin idarə edilməsi strategiyalarının optimal seçilməsi üçün hiper-oyun modeli işlənilmişdir. 

Bulud texnologiyalarının yaranma səbəbləri, əsas anlayışları, xarakteristikaları, servis modelləri, tətbiq modelləri analiz edilmişdir. Bulud texnologiyalarının təhlükəsizliyi üçün aktual olan müxtəlif məsələlər araşdırılmış, bu sahədə əsas problemlər müəyyən olunmuş və onların həlli üçün bir sıra tövsiyələr verilmişdir. 

Bundan başqa, veb-saytların mövcud təhlükəsizlik boşluqlarının avtomatik analizi üzrə eksperimentlər aparılmış və aşkarlanmış boşluqların müxtəlif xarakterli siniflər üzrə paylanması təhlil olunmuşdur. 

Elmi-innovasiya fəaliyyətindən danışan Y.İmamverdiyev Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı ilə əlaqədar aparılan işlər barədə məlumat verdi. AzScienceNet Monitorinq və Təhlükəsizlik Xidməti üzrə bir sıra işlərin yerinə yetirildiyini, informasiya təhlükəsizliyi üzrə kursların təşkil olunduğunu diqqətə çatdırdı. 

Sonra o, şöbənin elmi-pedoqoji fəaliyyəti haqqında danışdı. Bildirdi ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformasiya təhlükəsizliyi”, “Kompüter şəbəkələri” və “Elektron imza” mövzuları üzrə mühazirələr oxunmuşdur. 

Elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak bölməsi üzrə məlumat verərək “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı”nda şöbə əməkdaşlarının15 məruzə ilə çıxış etdiklərini,7 məruzənin isə beynəlxalq konfrans materiallarına daxil olduğunu diqqətə çatdırdı. Həmçinin bildirdi ki, tanınmış elmi jurnallarda şöbə əməkdaşları tərəfindən 12 məqalə dərc olunmuşdur. 

Şöbənin fəaliyyəti yüksək qiymətləndirildi, hesabat qəbul olundu.