AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda institutun əməkdaşı Günay Muradova “Data Science üçün riyazi statistika” mövzusunda məruzəni təqdim etdi. O, Verilənlər Elmini (Data Science) verilənlərin analizi və onların əsasında ən yaxşı qərarların axtarışı ilə bağlı fəaliyyət kimi xarakterizə etdi. Ənənəvi riyazi statistikanın Verilənlər Elminin ən güclü alətlərindən biri olduğunu qeyd edərək onun tətbiqi ilə bağlı müxtəlif məsələləri diqqətə çatdırdı.
Məruzəçi riyazi statistikanın verilənlərdən informasiya və bilik əldə etməyə və bunların əsasında qərarlar qəbul etməyə imkan verdiyini vurğuladı. G.Muradova verilənlərin ilkin analizində istifadə edilən statistik xarakteristikalar, riyazi statistikanın eksperimentlərin planlaşdırılması, hipotezlərin yoxlanması və modelləşdirmədə (reqressiya, klassifikasiya, klasterləşdirmə və s.) tətbiqləri, riyazi statistika üzrə müxtəlif proqram paketləri barədə məlumat verdi.
O, riyazi statistikanın proqramlaşdırma ilə birlikdə digər Data Science komponentlərinin əsasında dayandığını qeyd edərək, verilənlərin intellektual analizi, maşın təlimi və riyazi statistikanın oxşar və fərqli cəhətləri barədə danışdı. Big data və bulud hesablamaları kimi yanaşmaların təsiri ilə onların bir-birini qarşılıqlı şəkildə zənginləşdirdiklərini vurğuladı.
Sonda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev məruzə ilə əlaqədar fikirlərini bölüşərək şöbədə aparılan tədqiqatlarda Data Science yanaşmalarının daha dərindən araşdırılmasını tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.