II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz hökumət buludu” mövzusunda tədbir keçirilib.
Məqsəd “Hökumət buludu” layihəsinin əhəmiyyətini və həyata keçirilən təhlükəsizlik tədbirlərini ictimaiyyətə çatdırmaqdır.
Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir: “Hökumət buludu dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən bulud hesablama texnologiyasıdır”.
E.Vəlizadə bildirib ki, bu vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq hökumət buludunun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən hökumət buludu konsepsiyası hazırlanaraq təsdiq olunub. Hazırlanmış konsepsiya ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli e-hökumət infrastrukturunun inkişafına, dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın təmin edilməsinə, e-xidmətlərin yaradılması və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması, e-xidmətlərin genişləndirilməsi və məlumatların əldə edilməsinə artan tələbatın təmin olunmasına xidmət edir.
“AzInTelecom” MMC-nin, Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev “Bulud texnologiyaları və hökumət buludu ilə tanışlıq” mövzusunda təqdimatla çıxış edərək şirkətin beynəlxalq səs trafiki, sertifikatlaşdırma və “Azcloud” xidmətləri sahəsindəki fəaliyyəti haqqında danışıb. R.Əliyev Bulud xidmətlərinin növləri, rezervlənmə xidməti, “Trend MicroDeep Security”, müştəri xidmətləri, “Azcloud” hökumət həlləri, İT xərcləri üzrə tendensiya, ənənəvi İT infrastrukturundan buluda keçid və digər məsələlər haqqında ətraflı məlumat verib.
Həmçinin “Hökumət buludu” layihəsinin rəhbəri Ənvər Abbasov Azcloud hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik, Xüsusi Dövlət Mühafizə Xidməti, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov isə dövlət informasiya resurslarında təhlükəsizlik tədbirləri haqqında danışıb.
Eyni zamanda, tədbirdə “Azcloud” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.