“Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri öz işinə başlayıb

02 Mart 2020 - 15:32 | Konfranslar, İclaslar

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.

Martın 6-dək davam edəcək tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə NRYTN tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan NRYT nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət ayrılır: “Bu gün ölkəmizdə rəqəmli transformasiya sürətlə gedir. Bu sahə ölkə başçısının diqqət mərkəzindədir. Qəbul olunmuş Milli strategiya, Strateji yol xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasını təmin edir”.

O, kiberhücumların əsas hədəflərindən birinin də fərdi və digər konfidensial məlumatlar olduğunu vurğulayıb: “Son illərdə Avropa Birliyində, inkişaf etmiş digər ölkələrdə bu sahədə  qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb. Fərdi məlumatların işlənməsi və mühafizəsi fəaliyyətinin sertifikatlaşdırılması, qanunun tələblərinin pozulduğu hallarda müvafiq qurumların və fərdi məlumat subyektlərinin məlumatlandırılması nəzərdə tutulur. Hesab edirik ki, bu addımlar ümumilikdə kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək”.

Nazir müavini bildirib ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlanan “Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyası”nın layihəsində öz əksini tapıb.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu tədbir iştirakçılarını salamlayaraq  kibertəhlükəsizliyin təmin olunmasının BTİ-nin fəaliyyətində əsas istiqamətlərdən olduğunu bildirib. Ölkəmizin BTİ Şurasının üzvü olduğunu vurğulayan qurum rəsmisi deyib ki, Azərbaycan təşkilatın fəal tərəfdaşlarındandır. N.Moçu BTİ-yə üzv-ölkələr arasında bu sahədə əməkdaşlığın vacibliyini qeyd edərək, birgə qüvvələrin səfərbər edilməsinin əhəmiyyətini önə çəkib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti müasir dövrdə dünyada internetin getdikcə daha çox fəaliyyət sahələrinə nüfuz etdiyini söyləyib. Bu gün rəqəmsal iqtisadiyyat, onlayn təhsil, virtual ünsiyyət kimi geniş imkanların yaratdığı üstünlüklərin əhəmiyyətini önə çəkərək İKT-nin həyat səviyyəsinin yaxşılaşması, xüsusən də davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib.

Həmçinin nazirliyin məlumatında bildirilib ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

“Kibertəhlükəsizlik konfransı” sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və  müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edir.

Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilir.