Alimlər ilk dəfə ürək-damar xəstəliklərini Maqnit Rezonans Tomoqrafiya (MRT) şəkillərini qiymətləndirmək üçün süni intellektdən istifadə ediblər. Alınan nəticələr əsasında xəstələrdə ölüm və ya infarkt ehtimalını dəqiq şəkildə proqnozlaşdırmaq mümkün olub.
Süni intellektdən istifadə edərək qan dövranının qiymətləndirilməsi həkimlərin vaxtına qənaət edir və ağır ürək-damar xəstəlikləri riskini dəqiq müəyyənləşdirir. Bu müayinə üsulu infarktların vaxtında qarşısını almağa kömək edəcək.
Alqoritm qan dövranının sürətinin qiymətləndirilməsinə əsaslanır. Qan dövranının pozulması ürək-damar sisteminin bir çox xəstəliklərinin ümumi əlamətidir. Bu xəstəlikləri qiymətləndirmək üçün ən doğru metodlar invazivdir və xəstələrin sağlamlığı üçün müəyyən risklər daşıyır. Süni intellektdən istifadə edilən qeyri-invaziv metod isə xəstəyə MRT şəkilləri əsasında dəqiq məlumat verilməsinə kömək edir. Süni intellekt həkimlərin vaxta qənaət etmələrinə və etibarlı nəticələr əldə etməklərinə şərait yaradacaq.
nanonewsnet.ru saytının məlumatına görə, nəticələrin doğruluğu İngiltərədəki bir neçə xəstəxanada müalicə olunan müxtəlif ürək-damar şikayətləri olan 1000-dən çox xəstənin tədqiqatında təsdiqlənib. MRT görüntülərindən süni intellekt vasitəsilə alınan nəticələr avtomatik qiymətləndirilib, qan dövranının sürəti və insanlar üçün proqnozlaşdırılan həyati risklər tez və dəqiq müəyyənləşdirilib. Həkimlər alqoritmin hazırladığı nəticələri öyrənə və verilən terapiyanı tənzimləyə biliblər.
Qeyd edək ki, mütəxəssislər süni intellektin böyük potensialını yalnız riskləri proqnozlaşdırmaqda deyil, həm də müxtəlif yaşda olan insanlarda ürək-damar xəstəliklərinin erkən profilaktikasında görürlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.