AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti gücləndirilir

30 Oktyabr 2014 - 10:00 | Konfranslar, İclaslar
AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti gücləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında çıxış edən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet elm kompüter şəbəkəsinin 2014-2015-ci illər üzrə fəaliyyət planını təqdim etdi.

R.Ələkbərov AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, şəbəkənin texniki imkanlarının artırılması, istismarı, yeni xidmətlərin təşkili və beynəlxalq şəbəkə infrastrukturlarına inteqrasiyası, proqram təminatının yenilənməsi, şəbəkənin fəaliyyəti ilə əlaqədar olaraq KİV-də təbliğat işlərinin aparılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi. AMEA-nın institut və təşkilatlarının şəbəkə infrastrukturunun intelektual kommutatorlar əsasında yenidən qurulması, texniki imkanlarının yüksəldilməsi məqsədilə yaddaş və hesablama resurslarının artırılması istiqamətində aparılan işləri diqqətə çatdırdı. Qeyd etdi ki, AMEA-nın 32 institut və təşkilatı fiber-optik kabel vasitəsilə AzScienceNet şəbəkəsinə qoşularaq genişzolaqlı İnternet istifadəçisinə çevrilmişdir.

R.Ələkbərov AMEA-nın bütün elmi qurumlarında Wi-Fi şəbəkəsi və Eduroam xidmətinin yaradılması işlərinin davam etdirilməsinin də fəaliyyət planında yer alan məsələlərdən olduğunu söylədi.  

O, həmçinin AzScienceNet üzərindən AMEA-nın GəncəNaxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edildiyini vurğuladı. İlin sonunadək şəbəkənin internetə çıxış sürətinin 300 Mbit/s-ə çatdırılmasının nəzərdə tutulduğunu qeyd etdi.

Beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər haqqında məlumat verən alim GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirildiyini bildirdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.