İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürüldü

29 Oktyabr 2014 - 12:00 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürüldü

Məlum olduğu kimi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 iyul 2013-cü il tarixdə “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərman imzalamışdır. 

Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir. Bu zərurəti nəzərə alan AMEA gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkili məqsədilə 26 sentyabr 2014-cü il tarixdə “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq AMEA əməkdaşlarının müəyyənləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın elmi-tədqiqat müəssisələri elmdə əldə etdikləri yüksək nailiyyətləri ilə fərqlənən gənc alimlərin namizədliyini 30 oktyabr 2014-cü il tarixinədək AMEA Rəyasət Heyətinə təqdim etməlidir.

İnstitutun Elmi şurasının oktyabrın 28-də keçirilmiş iclasında bu barədə çıxış edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd etdi ki, belə bir mükafatın təsis olunması ümumilikdə gənclərin, o cümlədən AMEA-da çalışan gənc tədqiqatçıların potensialının reallaşdırılmasına stimul yaradacaq.

Sonra Elmi şuranın qərarı ilə institutun Gənc alim və mütəxəssislər şurasının üzvü, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovanın namizədliyi irəli sürüldü.

Nigar İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Qeyri-səlis çoxluqlar üçün parametrik şəkildə təyin olunan, birinci tərtib kəsilməz törəməyə malik, splayn prinsipi əsasında tərtib olunan mənsubiyyət funksiyalarının tədqiqinə dair məqalələr “International Journal of Automation and Information Sciences” və “Automatic Control and Computer Sciences” jurnallarında nəşr olunmuşdur. Dissertasiya işində həll olunan məsələlər İtaliya, Litva, Belarus, Türkiyə, Qazaxstanda keçirilmiş beynəlxalq səviyyəli konfrans və simpoziumlarda müzakirə olunmuşdur. O,  INISTA simpoziumu, 24-cü Mini Euro, PRIP’11 və digər konfranslarda məruzə ilə çıxış etmişdir.  İngilis və rus dillərini mükəmməl bilir.

N.İsmayılova hazırda institutun E-kitabxana Mərkəzinin nəzdində Bibliometriya sektoruna rəhbərlik edir. O, həmçinin bibliometriyanın təkamülü, müasir problemləri, həll perspektivləri, Azərbaycanda və dünyada müxtəlif istiqamətlərdə aparılan elmi-tədqiqatların bibliometrik analizi, elmin bibliometrik xəritələrinin tərtib olunması, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə bibliometrik üsulların intellektuallığının artırılması, sosial şəbəkələrdə fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.

Ailəlidir, bir övladı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.