Fevralın 11-də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, professor Yaçek Qayevskini və Stokholm Universitetinin Kompüter və sistem elmləri kafedrasının professoru Oliver Popovu qəbul etdi. Görüşdə, həmçinin İTİ-nin şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları – dosent Yadigar İmamverdiyev və Babək Nəbiyev iştirak etdilər.
Qonaqları bir daha Bakıda və AMEA-da görməkdən məmnun olduğunu bildirən akademik Rasim Əliquliyev, ölkəmizin Avropanın qabaqcıl elmi tədqiqat müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini vurğuladı.
Söhbət zamanı R.Əliquliyev ötən ay Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırdı.
“Cənab Prezidentin dediyi kimi, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik” – deyə alim vurğulayıb.
O, artıq İnformasiya Texnologiyaları İnstitutunda ölkə prezidentinin çağırışlarına cavab olaraq, İndustry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə yeni elmi prioritetlər müəyyən edildiyini qeyd etdi.
Y.Qayevski ötən ilin yayında Bakıya səfəri zamanı İnformasiya Texnologiyaları İnstitutunda keçirdikləri görüşü xatırladaraq, bu qurumla olan sıx elmi əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etdi.
Öz növbəsində, professor O.Popov təxminən 3 ay öncə ölkəmizdə keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransı” (AICT 2019) günlərində İTİ-nin alimləri ilə görüşləri, apardıqları söhbətlər barədə yaddaqalan xoş təəssüratlarını bölüşdü.
Görüşdə elmi və elmi-innovativ sahədə, o cümlədən sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədqiqatlar istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.