Alimlər hətta mürəkkəb damarlardan qan götürən robotu uğurla sınaqdan keçiriblər. Bu robot prosedurdan sonra götürülən qan nümunələrini də təhlil edir. Yeniliyin gələcəkdə tibb bacılarını digər prosedurlarda əvəz edə biləcəyi gözlənilir.
ABŞ-ın Ratqers Universitetinin alimləri venoz qan nümunəsi və sonrakı analiz üçün hazırlanan robotun ilk klinik tədqiqatını başa çatdırıblar. Robotun effektivliyi, tibb işçilərinin nümayiş etdirdiyi səviyyədən daha yüksək olub.
Alimlər nəticələrin klinik standartlarla müqayisə edildiyini və hətta onları ötdüyünü söyləyiblər.
hightech.plus saytının məlumatına görə, tibb bacıları damarları zəif görünən xəstələrin 27%-ində və damarların zəif palpasiyası olan insanların 40%-də qan götürməkdə çətinlik çəkirlər. Təkrar iynə daxil edilməsi damar zədələnməsinə, tromboza və flebitə səbəb ola bilər. Bundan əlavə, bu cür prosedurlar qəbul müddətini əhəmiyyətli dərəcədə uzadır. Təkcə ABŞ-da bunun fəsadları ildə 4 milyard dollar dəyərində qiymətləndirilir.
Robot fəsadların və ağrının qarşısını alaraq insanlar üçün tez və təhlükəsiz prosedur həyata keçirir. Cihaz ultrasəs testindən istifadə edərək işləyir və nümunələri emal etmək üçün sentrifuqa əsaslanan modul-analizatoru özünə daxil edir.
Hazırda komanda robotun növbəti versiyası üzərində işləyir. Onun damardan qan götürməklə yanaşı, cihazın venadaxili kateterizasiya, dializ və digər prosedurlarda da istifadə edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.