Bu fikirlər X Ümumdünya Şəhər Forumunun əsas müzakirə obyektlərindən olub.
İndi şəhərlər və meqapolislərdə 3,5 milyard insan yaşayır və 2030-cu ilə qədər şəhər əhalisinin sayının 5 milyarda çatacağı gözlənilir. Ümumilikdə yoxsulluq, havanın çirklənməsi, səs-küy şəhərlərin ən mühüm problemləri kimi qəbul edilir.
Fevralın 8-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə onuncu Ümumdünya Şəhər Forumu öz işinə başlayıb. Forumda 168 ölkədən 18 mindən çox iştirakçı - təcrübə və fikir mübadiləsi aparan, “gələcəyin şəhəri”ni yaratmağı müzakirə edən ekspertlər və elm adamları bir araya gəlib. Altı gün davam edəcək beynəlxalq səviyyəli tədbirin əsas məruzəçiləri qlobal urbanizasiya problemi kimi “ağıllı” şəhərin və süni intellektin əldə etdikləri ən son yenilikləri və dayanıqlı inkişafı önə çəkirlər.
Şəhərlərin gələcəyinə dair ən böyük qlobal forum olan Ümumdünya Şəhər Forumu Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər davam edən Davamlı İnkişaf Məqsədlərinə nail olacağı ilk böyük tədbiri kimi dəyərləndirilir.
Forum çərçivəsində nümayiş etdirilən sərgi Birləşmiş Millətlər Təşkilatının, milli və submilli hökumətlərin, qeyri-hökumət təşkilatlarının, özəl sektorun, akademik qurumların və digər maraqlı tərəflərin nöqteyi-nəzərindən şəhərlərin və icmaların üzləşdiyi problemlərin innovativ və davamlı həllini təşviq edir.
Son illərdə rəqəmsal iqtisadiyyatın inkişafı mobil operatorlara, sosial şəbəkələrə və məlumat mübadiləsi platformalarına sahib olan şirkətlərə şəhər həyatının demək olar ki, bütün sahələrini, o cümlədən yaşayış sahəsi, əhalinin hərəkətliliyi, ictimai yerlər haqqında məlumat toplamağa imkan verir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının icraçı direktoru xanım Maymunah Mohd Şarifin fikrincə, rəqəmsal inqilab hər kəsin xeyrinə işləməlidir. Lakin davamlı rəqəmsal fərqlər qalmaqdadır və rəqəmsal inqilab demokratik, həmçinin inklüziv şəkildə idarə olunmalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.