“İnfoMatrix-2018”in bürünc medalçısı hazırladığı yeni robotu təqdim edib

08 Fevral 2020 - 10:49 | Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, fevralın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüş keçirildi.

11-13 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələrdən biri də akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramovun kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning” idi. Robot “Deep Learning”in köməyi ilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir.

Həm mobil telefonun köməyi ilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.

R.Bayramov adıçəkilən robotu hazırlamağının məqsədindən danışaraq vurğuladı ki, müasir dövrdə dünya əhalisinin qida tələbatının çox hissəsini kiçik və orta sahibkar fermerlər ödəyirlər. Bu fermerlərin üzləşdikləri əsas çətinlik əkin sahələrində bitkilərə yayılan müxtəlif növ xəstəliklər və ziyanverici həşəratlardır. Buna görə də, yeniyetmə tədqiqatçı “Plant Disease & Cause Detection using Deep Learning” layihəsi üzərində işləməyi qərarlaşdırıb.

11-ci sinif şagirdi Ruslan Bayramov təqdim etdiyi robotun hazırlanmasında 3D printerdən də istifadə etdiyini diqqətə çatdırdı.

Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev xatırlatdı ki, R.Bayramov 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “First Global Challenge2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “Okeanın imkanları” mövzusunda keçirilən beynəlxalq tədbirdə 191 ölkədən 1500-dən çox gənc iştirakçı okeanları tullantılardan və çirkabdan təmizləmək məqsədilə hazırladıqları robotları nümayiş etdirirdilər.

O, Dubayda keçirilən beynəlxalq müsabiqədən bir il öncə İnfoMatrix-2018 beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən “GoldenByte 2018” beynəlxalq yarışlarında və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda iştirak edərək nailiyyətlər qazanıb.

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə keçirilən görüşün sonunda akademik Rasim Əliquliyev şagirdlərə müsabiqədə uğurlar arzuladı. Onlara gələcək həyatlarında, təhsil və karyeralarında müvəffəqiyyətlər dilədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.