BBC şirkəti “Doctor Who” elmi-fantastik serial əsasında yaradılmış oyunu istifadəyə verəcək. Bu oyunun köməyilə uşaqlara informatika fənni tədris ediləcək. Bu haqda Britaniyanın “The Guardian” qəzeti məlumat verib.
“Doctor Who” üçün növbəti tapşırıq sadəcə olaraq dünyanı xilas etmək deyil, həm də Yer planeti uşaqlarına proqramlaşdırmanın əsaslarını öyrətməkdir. Pulsuz onlayn-oyun 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Oyundakı bütün tapşırıqlar Böyük Britaniyanın informatika fənninin tədrisinə dair məktəb proqramına uyğundur.
Bu təşəbbüsün əsas mahiyyəti gənc nəslin diqqətini sürətlə inkişaf edən müasir rəqəmsal texnologiyalara cəlb etməklə onlarda maraq yaratmaqdır.
Oyuna həmçinin uşaqlarla birgə iştirak edə biləcək valideyn və müəllimlər üçün də materiallar daxil edilib. Serialın kreativ direktoru Co Pirs deyib: “Biz, informatika müəllimlərinə kömək edə biləcək oyun yaratmaq istədik. Oyunun əsas vəzifəsi uşaqları ruhlandırmaqdır”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.