“Onlayn Medianın inkişafına dəstək” layihəsi başa çatıb

05 Fevral 2014 - 10:41 | Konfranslar, İclaslar


RİTN–nin dəstəyi və Nar Mobile-in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən təşkil olunan “Onlayn Medianın inkişafına dəstək” layihəsi başa çatıb 

Bu gün Four Seasons otelində “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində təlimləri başa vuran iştirakçılara sertifikatların təqdim olunması və “Onlayn Media” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məqsədilə yekun tədbir keçirilib. Tədbirdə Azərbaycan İnternet Forumu (AİF) və KİV nümayəndələri, tanınmış media ekspertləri, jurnalistika fakültələrinin tələbələri iştirak ediblər. 


AİF-in prezidenti Osman Gündüz çıxış edərək bildirib ki, layihənin əsas məqsədi jurnalistlərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının artırılmasına köməklik göstərmək, həmçinin ölkəmizdə informasiya cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək verməkdir. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov layihəni “İKT ili” çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri kimi qiymətləndirib. Son zamanlar İnternetin əsas kütləvi informasiya vasitəsi kimi əhali arasında böyük populyarlıq qazandığını bildirib: “Artıq İnternet ölkəmizdə ictimai fikri formalaşdıran əsas vasitəyə çevrilməkdədir. Azərbaycan həqiqətləri bütün dünyaya qlobal şəbəkə vasitəsilə çatdırılır. Bu baxımdan onlayn media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunur”. 

“Online Media” müsabiqəsində münsiflər heyəti qismində iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Nar Mobile-in nümayəndəsi Nigar Arpadarai, Media Forum-un baş redaktoru İsmayıl İsmayılov və digərləri layihənin əhəmiyyətindən söz açaraq, ölkədə fəaliyyət göstərən jurnalistlərin sosial mediadan istifadə bacarıqlarının artırılması məqsədilə bu kimi tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. 

Qeyd olunub ki, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, İKT-nin, mobil texnologiyaların inkişafı, elektron hökumət və vətəndaş cəmiyyəti, elektron xidmətlərin analizi və digər mövzuları əhatə edən müsabiqəyə 30 məqalə təqdim olunmuş, mikrobloqçular tərəfindən “Twitter” sosial şəbəkəsi ilə 500–dən çox tvit paylaşılmışdır. 

Sonda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar, müsabiqə qaliblərinə və həvəsləndirici yer tutanlara isə diplom və qiymətli hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində sonuncu təlim İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində keçirilmiş, təlimdə müxtəlif media şirkətlərində çalışan gənc jurnalistlər, ali məktəblərdə jurnalist ixtisası üzrə təhsil alan tələbələr və bloqçular iştirak etmişlər.