AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində süni intellekt, eləcə də sosioinformasiya texnologiyaları problemlərinin araşdırılacağını qeyd etdi.
Məruzəçi çıxışına davam edərək elektron tibb mühitində qərarların qəbul olunmasının dəstəklənməsi problemlərinin araşdırılacağını, hepatosellular kanserin mərhələlərinin təyini intellektual sisteminin, e-dövlət şəraitində e-vətəndaşların formalaşdırılması modellərinin, insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının, eləcə də elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənəcəyini diqqətə çatdırdı.
Şöbə müdiri bildirdi ki, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması, intellektual analizi üçün metod və alqoritmlərin, həmçinin informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsiri modellərinin işlənməsi 2020-ci ildə şöbədə həyata keçiriləcək elmi-tədqiqat işləri sırasındadır.
Daha sonra M.Məmmədova elmi-innovasiya fəaliyyəti ilə bağlı görüləcək işlərdən söz açdı. Qeyd etdi ki, hər il olduğu kimi, bu il də elmi məcmuələrə təqdim olunan məqalələrə mütəxəssis rəylərinin hazırlanması, dissertasiya və avtoreferatların elmi ekspertizası, şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların “Vikipediya” və “Google Scholar”da yerləşdirilməsi planlaşdırılır.
M.Məmmədovanın sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda elmi məqalələrin nəşri qarşıya qoyulan əsas hədəflərdəndir.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında da məlumat verdi.
Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək plan üzrə təkliflərin nəzərə alınmasını və şöbənin elmi potensialının gücləndirilməsini tövsiyə etdi. Alim süni intellekt və sosioinformasiya texnologiyaları problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.