AMEA-nın İctimai Elmlər Bölməsi və Naxçıvan Bölməsi hesabat verib

06 Fevral 2020 - 08:43 | Konfranslar, İclaslar

Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Tarix İnstitutunun direktoru, akademik Yaqub MahmudovMilli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə VəlixanlıŞərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər BaxşəliyevaQafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa QasımlıHüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən MustafazadəFəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadəİqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanovArxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyliyə yubiley medallarını təqdim edib.

Akademik Ramiz Mehdiyev iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin və Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın birinci vitse-prezidenti, İctimai Elmlər Bölməsinin sədri, akademik İsa Həbibbəyli bölmənin hesabatını təqdim edib. Alim bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında çoxsaylı tədbirlər keçirilib.

Akademik İ.Həbibbəyli 2019-cu ildə bölmənin elmi müəssisələrində 8 elmi istiqaməti əhatə edən 33 problem, 132 mövzu üzrə 305 işin aparıldığını, 45 mövzu, 127 iş, 212 mərhələnin isə tamam­landığını bildirib.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan alim qeyd edib ki, bölmə əməkdaşlarının 2185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir. 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub. Hazırda bölmədə 76 doktorant və 259 dissertant, magistratura üzrə 11 nəfər təhsil alır.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə Rəyasət Heyətinin üzvləri və bölmənin elmi müəssisələrinin direktorları iştirak ediblər.

Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2019-cu ildəki fəaliy­­­yəti barədə hesabat təsdiq edilib, alınan elmi nəti­cələrin AMEA-nın illik hesa­ba­tı­na daxil edilməsi qərara alınıb. 

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsini təqdim edən bölmənin sədri, akademik İsmayıl Hacıyev ötən il rəhbəri olduğu qurumda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, eləcə də Azərbaycan Respub­likası Na­zirlər Ka­bi­neti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respubli­ka­sı Nazirlər Kabinetinin qərarları­, AMEA rəhbərinin sərəncamları, akademiyanın Ümumi yığıncağının və Rəyasət Heyətinin qərarlarından irəli gələn məsələlərin həllinə yönəlmiş bir sıra mühüm tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Natiq qeyd edib ki, hesabat ilində bölmədə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil olan 37 iş 99 mərhələdə yerinə yetirilib, 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 8 mühüm elmi nəticə əldə olunub.

Akademik İ.Hacıyev bildirib ki, 2019-cu ildə bölmə əməkdaşlarının 4-ü xaricdə olmaqla 18 monoqrafiyası, 9 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 75-i xaricdə olmaqla 551 elmi məqaləsi, 58-i xaricdə olmaqla 223 konfrans materialı, biri xaricdə olmaqla 7 tezisi nəşr edilib, alimlər tərəfindən dörd buklet tərtib edilib. O, məqalə­lərin 93-ü xa­ric­də ol­maq­la 445-nin beynəlxalq səviyyəli nü­fuzlu elmi jur­nal­­larda, 37 elmi məqa­lənin “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt fak­torlu jurnal­larda işıq üzü gördüyünü diqqətə çatdırıb. Bölmə sədri bunlar­dan 10-nun Clarivate Analytics (Thomson Reuters) siyahısına daxil­ olduğunu vurğulayaraq, alimlərin əsər­lərinə 340 dəfə istinad edildiyini bildirib.

Bölmənin beynəlxalq əlaqələrindən söhbət açan məruzəçi alimlərin Türkiyə, Şi­mali Makedoniya, Qazaxıs­tan­, İran, Ru­siya, ABŞ, Avstraliya, Fran­­­sa, Gürcüstan və digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 2019-ci ildə Naxçıvan Böl­məsi üzrə 2 respublika sə­viyyəli qrant la­yi­hə­sinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika sə­viyyəli olmaqla 3 qrant layihə­­si­nin icrası isə ha­zır­da davam etdirilir.

İsmayıl Hacıyev bölmənin elmi müəssisələrində keçirilən konfrans və sessiyalar, bölmənin elektron por­ta­lına yerləşdirilən materiallar, əldə olunan büdcədənkənar vəsaitlər, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər barədə də məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Müzakirələrdən sonra Naxçıvan Bölməsinin 2019-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, qurumun gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda Rəyasət Heyəti tərəfindən AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.