“Ağıllı” üzüklər digər qurğularla müqayisədə yenidir (ilk smart üzük 2013-cü ildə satışa çıxarılıb) və daşınan elektronikanın məsələn, fitnes-bilərziklər qədər yayılmış növünə aid deyil. “Ağıllı” üzüklərin köməyilə texnikanı idarə etmək, şifrələri mühafizə etmək, smartfonları blokdan çıxarmaq, kontaktsız ödəniş etmək və bir çox başqa işləri yerinə yetirmək olar.
Yeni “Circular” üzüyü ilk növbədə, fitnes-bilərziyin funksiyalarını icra edir. O, gün ərzində orqanizmin vəziyyəti haqqında informasiyanı toplayır, təhlil edir və əhvalın yaxşılaşması üşün tövsiyələr verir. Qadcet yuxunun istifadəçinin həyat fəaliyyətinə təsiri haqqında məlumat əldə etməyə də imkan yaradır.
Monitorinq məlumatları smartfonda xüsusi proqram vasitəsilə göstərilir. Bütün proqram yeniləmələri qurğuya simsiz şəbəkə vasitəsilə ötürülür.
techcult.ru saytının məlumatına görə, “Circular” orqanizmin vəziyyəti haqqında informasiyanı iki sensordan (infraqırmızı ürək ritmi sensoru və akselerometr) istifadə edərək toplayır. Üzük məlumatları emal edərək, analiz üçün mobil proqrama göndərən inteqrasiya edilmiş prosessorla təchiz olunub. Proqram öz növbəsində, istifadəçinin vərdişlərini daha yaxşı anlamaq və fərdiləşdirilmiş tövsiyələr təklif etmək üçün maşın təlimindən istifadə edir.
Üzüyün gözəl korpusu cızılmayan, möhkəm və suyadavamlı materialdan hazırlanıb. O, xüsusi qurğunun köməyilə 1 saat enerji ilə doldurulduqdan sonra 2 gün işləyə bilir.
Qurğunu “Kickstarter” platformasında 179 avroya sifariş etmək olar. Onun 2020-ci ilin avqust ayında satışa çıxarılması gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.