AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı dinlənilib.
Planı təqdim edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirib ki, rəhbərlik etdiyi şöbədə cari ildə “Elektron dövlətin formalaşması, idarəolunması və analizi”, “E-elmin formalaşması”, “Böyükhəcmli məlumatlar toplusundan biliklərin aşkarlanması”, eləcə də “İdentifikasiya məsələlərinin həlli üçün paralel alqoritmlərin işlənilməsi” problemləri üzrə tədqiqatlar aparılacaq.
Alimin sözlərinə görə, qeyd olunan elmi araşdırma istiqamətləri çərçivəsində “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi”, “E-idarəetmə mühitində hakimiyyət və vətəndaş (G2C) münasibətlərinin intellektual analizi metodunun işlənilməsi”, “Böyükhəcmli məlumatların analizi üçün iterativ k-means alqoritmlərinin müqayisəli analizi”, “Tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün çəkili h- və g- indekslərinin işlənilməsi”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, “Veb spamlarla mübarizə texnologiyaları və metodlarının müqayisəli analizi”, “Pythonda böyükölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin müxtəlif modifikasiyalarının müqayisəli analizi”, “Dinamik sistemi təsvir edən qeyri-xətti tənliklərlə təsvir edilən riyazi modelin xəttiləşdirilməsi metodlarının işlənilməsi”, “Statistik məlumatlar əsasında xəttiləşdirilmiş dinamik sistemin adekvat modelinin qurulması” və s. mövzuları tədqiq olunacaq.
Elmi-innovasiya fəaliyyətindən söz açan Ramiz Alıquliyev diqqətə çatdırıb ki, “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi” və “Big Data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” mövzuları üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondunun elan etdikləri müsabiqədə qalib gələn qrant layihələri üzrə tədqiqatlar aparılacaq.
Məruzəçi qeyd edib ki, il ərzində aparılacaq elmi tədqiqat işləri ilə yanaşı, şöbə əməkdaşlarının müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda iştirakı, eləcə də “Web of Science”, “Scopus” və digər elmi bazalarda ((EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallarda elmi məqalələrinin nəşr etdirilməsi nəzərdə tutulur.
O, həmçinin şöbə əməkdaşlarının, doktorant, dissertant və magistrantların il ərzində keçirəcəkləri elmi seminarlar haqqında da müfəssəl məlumat verib.
Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açaraq bu məqsədlə şöbənin Avstraliya Federasiya Universiteti və dünya elmi mərkəzləri, eləcə də ali məktəbləri ilə elmi əlaqələrini davam etdirəcəyini diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini və elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə edib və kadr potensialının artırılmasının vacibliyini vurğulayıb.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.