Rusiyanın Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin əməkdaşları dezoksiribonuklein turşusunun fraqmentlərindən xərçəngin diaqnostikası və müalicəsi üçün istifadə ediləcək nanorobot yaradıblar. Məlumdur ki, qüsurlu hüceyrələr nəzarətsiz çoxalmağa başlayır ki, bu da şişlərin inkişafına səbəb olur. Həmçinin paralel olaraq, xərçəng hüceyrəsində genomda dəyişikliklər baş verir.
Mütəxəssislərin fikrincə, xəstəliklə bağlı olan zülalların hazırlanması prosesi dayandırılarsa, xərçəng hüceyrələri ölməyə başlayacaq, yeni hüceyrələr isə əmələ gələ bilməyəcək. Rusiya alimlərinin nanorobotu ribonuklein turşusu (RNT) əlaqələrinin parçalanması üçün fermentlərdən istifadə edir. O, iki hissədən ibarətdir: birinci patogen RNT-ni kəsir, ikinci isə zədələnmiş hüceyrələri aşkarlamağa kömək edir.
meddaily.ru saytının məlumatına əsasən, nanorobot zədələnmiş RNT-ni qeydə aldıqda kimyəvi reaksiya baş verir və hüceyrə işıqlanmağa başlayır. Bu texnologiyanın əsas üstünlüyü yüksək vəsait tələb etməməsidir. Bildirilir ki, laboratoriya şəraitində nanorobotun yaradılmasının maya dəyəri təxminən 24 ABŞ dolları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.