Xəbər verdiyimiz kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə start verilib.
Rəhbərlik etdiyi 8 saylı şöbənin 2020-ci il üçün fəaliyyət planını təqdim edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini diqqətə çatdırdı.
Onun sözlərinə görə, bu istiqamət üzrə “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” və “İnformasiya və bilik iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi” mövzularında araşdırmaların aparılması və cari ildə iki dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.
Ə.Əliyev bildirdi ki, qeyd olunan tədqiqat istiqamətləri üzrə iqtisadi-sosial və texniki xarakterli informasiya bazasının formalaşmasının əsas mənbələri və onların struktur analizi, bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunmasının konseptual modelinin işlənilməsi, İKT sektorunun perspektiv inkişaf potensialının araşdırılması və qiymətləndirilməsi metodikasının işlənilməsi, regional və sektorial səviyyədə informasiya iqtisadiyyatının formalaşma və inkişaf səviyyəsinin çoxkriteriyalı analiz üsulları vasitəsilə qiymətləndirilməsi metodikasının, eləcə də informasiya və biliklər iqtisadiyyatının innovativ perspektivinin çoxkriteriyalı analiz üsulları vasitəsilə ekspert qiymətləndirilməsi metodikasının işlənilməsi planlaşdırılır.
O, həmçinin innovasiyaların, innovativ mühitin, innovativ istehsalın keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində və həmin proseslərin idarə olunmasında çoxkriteriyalı ekspert qiymətləndirilməsinin metodoloji əsasları və innovasiya texnoparklarının fəaliyyətinin idarə olunmasında qərarların qəbulunun effektivliyinin çoxkriteriyalılıq əsasında qiymətləndirilməsi metodunun işlənilməsinin cari ildə aparılacaq tədqiqat istiqamətləri sırasında olduğunu vurğuladı.
Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək bu istiqamətdə institutun innovativ fəaliyyəti ilə bağlı bəzi xarici və respublika səviyyəli təşkilat və müəssisələrlə əlaqələrin qurulması, AR Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Dövlət Neft Şirkətinin Elm Fonduna informasiya və biliklər iqtisadiyyatının formalaşması, neft-qaz sahəsində innovasiya məhsulları istehsalı və elektron tullantıların idarə olunması problemləri ilə bağlı təqdim olunan qrant layihələrdə iştirakın həyata keçiriləcəyini söylədi.
Həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində, rəqəmsal mühitə keçidlə bağlı işlərdə iştirak nəzərdə tutulur.
Ə.Əliyev 2020-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşrinin qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi.
Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açaraq bu məqsədlə Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Tbilisi Dövlət Universiteti və s. ilə əlaqələrin qurulmasının planlaşdırıldığını vurğuladı.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə cəmiyyətin inklüziv inkişafı problemləri, inklüziv iqtisadi inkişaf indikatorları və indeksləri, yaşıl və inklüziv İKT-nin tətbiqi istiqamətləri, informasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi problemləri və digər istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini qeyd etdi.
Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparıldı. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2020-ci il üçün fəaliyyət planı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.