Dünyada ilk dəfə süni intellektin yaratdığı dərman molekulu tibbdə insanların üzərində sınaqdan keçiriləcək.
Dərman preparatı ingilis startapı “Exscientia” və yapon əczaçılıq şirkəti “Sumitomo Dainippon Pharma” tərəfindən yaradılıb. O, obsesif-kompulsif narahatlığı olan xəstələrin müalicəsində istifadə ediləcək.
Dərmanların hazırlanma prosesi beş il çəksə də, süni intellekt preparatları cəmi 12 aya hazırlanıb.
DSP-1181 adlandırılan preparat potensial birləşmələr arasından keçirilmiş alqoritmlərdən istifadə edilərək parametrlərin böyük verilənlər bazasına qarşı yoxlanaraq yaradılıb.
“Exscienta”nın baş icraçı direktoru professor Endryu Hopkins bunu “dərmanların hazırlanmasında əsas mərhələ” adlandırıb. O, bildirib ki, dərmanın dəqiq hazırlanması üçün düzgün molekulları tapmaq lazımdır. Bu preparat istənilən xəstəliyə tətbiq oluna bilər. “Bu, süni intellektin yaratdığı ilk dərman olub, lakin onun on il sonra bütün yeni dərmanları yarada biləcəyinə ümid edirik”, - deyə Hopkins qeyd edib.
“BBC News” telekanalının Rusiya xidmətinin məlumatına görə, dərman ilk dəfə Yaponiyada sınaqdan keçiriləcək. Firma artıq xərçəng və ürək-damar xəstəliklərinin müalicəsi üçün potensial dərmanlar üzərində işləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.