Akademiyanın Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının sədri Vüqar Gülməmmədovun Akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və əməkdaşlara tövsiyələrini vermək məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun faəliyyəti barədə məlumat verib, prioritet istiqamətlərdən söz açıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixdə keçirilmiş Ümumi yığıncağında qəbul edilmiş “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”nın əsas müddəalarından danışan qonaq bu sənədin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, proqramın AMEA-da ölkə elminin inkişafı naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün prioritet istiqamət kimi qəbul edilməsi akademiyada müxtəlif qurumlarla səmərəli iş birliyinin təşkilinə imkan verəcək.
Hesablama Palatasının sədri, həmçinin dövlət əmlakının idarə edilməsi, büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən istifadə qaydaları və s. dair təklif və tövsiyələrini diqqətə çatdırıb.
Sonra Vüqar Gülməmmədov AMEA əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, eləcə də elmi əməkdaşlar iştirak ediblər.
Tədbirin sonunda akademik Ramiz Mehdiyev səmərəli görüşdə iştirakına, alimləri maraqlandıran sualları cavablandırdığına və əhəmiyyətli tövsiyələrinə görə Vüqar Gülməmmədova minnətdarlığını ifadə edib. AMEA-nın prezidenti rəsmi dövlət qurumlarının rəhbərləri ilə akademiya əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.