Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində mühüm tədbirlər görülür. AMEA İnformasiya Texnologiyaları İnstitutu da informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunan dövlət proqramlarına uyğun olaraq bu prosesdə fəal iştirak edir, onun elmi-nəzəri əsaslarını araşdırır, aktual problemlərini diqqət mərkəzində saxlayır.
Bu barədə məlumatı institutun sektor müdiri Rasim Mahmudov 17 saylı şöbənin illik hesabatında səsləndirib. O, informasiya cəmiyyəti istiqamətində müxtəlif problemlər üzrə tədqiqatlar aparan doktorant və dissertantların elmi işlərinin icra vəziyyətilə əlaqədar çıxış edib. Bildirib ki, şöbədə İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi problemləri, elektron dövlət mühitində dövlət sirrinin təmin olunması mexanizmlərinin işlənməsi, viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi metodları və alqoritmlərinin işlənməsi, milli İnternetskopiya sisteminin işlənməsi, Azərbaycanın su təchizatı üçün elektron ödəniş sisteminin sintezi metod və alqoritmlərinin işlənməsi, gizli və aşkar kriminal sosial şəbəkələrin analizi metod və alqoritmlərinin işlənməsi və s. kimi 20 aktual mövzu üzrə araşdırmalar aparılır.
Sonra şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti haqqında məlumat verərək Vikipedia virtual ensiklopediyasında Azərbaycan Respublikasının maraqlarının qorunması layihəsindən danışıb. Bildirib ki, layihə çərçivəsində xalqımızın milli-mədəni dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları əks etdirən kontentlərin viki texnologiyasından istifadə etməklə dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərini yayan onlayn ensiklopediyanın fəal istifadəçiləri arasında münasibətlərin qurulması və s. tədbirlər planlaşdırılır.
İnternetşünaslıq problemlərinin araşdırılması, o cümlədən, İnternetin meydana gəlməsi və inkişaf mərhələləri, İnternet-provayder xidməti, veb-saytların yaradılması və idarə olunması, veb-analitika, spamlarla mübarizə, İnternet-media, sosial şəbəkələr, İnternet iqtisadiyyatı və s. istiqamətlərdə aparılan tədqiqatların nəticəsi kimi hazırlanacaq icmalın “İnternetşünaslığın əsasları” adlı kitabın yazılmasında istifadə edilməsi nəzərdə tutulur.
Sonra R.Mahmudov elmi-pedoqoji fəaliyyət haqqında məlumat verib. Qeyd edib ki, şöbənin əməkdaşları tərəfindən doktorant və dissertantlara “Vikipediya virtual ensiklopediyası”, “İnformasiya cəmiyyətinin əsasları”, “İnformasiya müharibəsi texnologiyaları”, İnternetin tənzimlənməsi problemləri” kimi mövzularda mühazirələr oxunur, müxtəlif kurslarda nəzəri və praktiki dərslər keçirilir.
O, həmçinin elmi-təşkilati fəaliyyət, ümumrespublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, nüfuzlu jurnallarda məqalələrin dərc olunması barədə hesabat verib. Hesabatdan məlum olub ki, il ərzində şöbə əməkdaşları tərəfindən müxtəlif nüfuzlu elmi konfranslara 18 tezis təqdim olunmuşdur. Həmçinin tanınmış elmi jurnallarda 11-i xaricdə olmaqla, 24 məqalə çap olunmuşdur. Hazırda isə şöbədə 2 ekspress-informasiya çapa hazırlanır.
Qeyd edib ki, 17 saylı şöbə institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işlərinin gücləndirilməsi istiqamətində bu il çox məhsuldar fəaliyyət göstərmişdir. Belə ki, şöbə əməkdaşları 37 televiziya və radio verilişlərində müvafiq aktual mövzular üzrə çıxışlar etmiş, 10 jurnal və qəzet məqaləsi hazırlamışlar.
Şöbənin hesabatı Elmi şura tərəfindən yüksək qiymətləndirilərək qəbul olunub.