AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin təkzibi

17 Yanvar 2020 - 03:06 | Elanlar
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin təkzibi

“15 yanvar 2020-ci il tarixində azedu.az portalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli iclasında müzakirə olunan bir sıra məsələlərlə bağlı xəbərlər yayımlanmışdır. Həmin xəbərlərdən biri – “AMEA vitse-prezidenti nazirlikləri qınadı – “Potensialımızdan yararlanmırlar” başlıqlı xəbər mənə istinad olunmuşdur. Xəbərin bu adda və belə məzmunda yayımlanması məni çox narahat etdi.

“Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, verilən xəbərdə bir sıra fakt və məlumatlar təhrif olunmuşdur. AMEA-nın 7 elmi müəssisəsini əhatə edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında illik hesabat mənim tərəfimdən təqdim edilmişdir. Hesabatda FRTEB-in elmi müəssisələrinin dövlət siyasətinin icrasından irəli gələn vəzifələri, kadr potensialının vəziyyəti, elmi-nəzəri, elmi-praktiki, elmi-innovativ, elmi-təşkilati vəziyyəti, mühüm elmi nəticələri, dərc olunmuş elmi əsərləri, beynəlxalq əməkdaşlıq əlaqələri, elmi-kadr hazırlığı, elm və təhsilin inteqrasiyası, elmin təbliği və populyarlaşdırması, elektron elmin vəziyyəti və digər məsələlər barədə geniş müzakirə aparılmışdır. Eyni zamanda hesabat çərçivəsində mövcud problemlər, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmış və müxtəlif təkliflər irəli sürülmüşdür. Qeyd olunmuşdur ki, 2019-cu ildə AMEA üzrə Web of Science-də dərc olunan 480 elmi məqalə FRTEB-in payına düşür. Bu isə, ölkə üzrə Web of Science-də dərc olunan məqalələrin, təxminən 36%, AMEA üzrə isə 70%-ni təşkil edir.

FRTEB-in elmi müəssisələri bir sıra beynəlxalq layihələrdə iştirak etməklə bərabər, Avropa Nüvə Tədqiqatları Mərkəzi (İsveçrə, Cenevrə) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Rusiya  Federasiyası, Dubna) ilə sıx əməkdaşlıq edirlər. Bölmənin elmi müəssisələri Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 9 müxtəlif Dövlət Proqramının icrasında yaxından iştirak edir.

Bu və digər məsələlərin müzakirə olunduğu həmin iclasda Akademiyanın fizika-riyaziyyat və texnika elmləri sahəsində mövcud olan problem və çatışmazlıqları ilə bağlı da fikirlər səsləndirilmiş, onların həlli istiqamətində təkliflər irəli sürülmüşdür.

Hesab edirəm ki, elm və təhsilin təbliği missiyasını öz üzərinə götürən azedu.az portalının yuxarıda səslənən fikir və təkliflər barədə xəbərlər, populyar materiallar hazırlayaraq geniş ictimaiyyətə çatdırması daha məqsədəuyğun olardı. Təəssüflər olsun ki, portalın müxbiri məsələlərin əsas mahiyyətini çatdırmağı deyil, ucuz sensasiya yaratmaq yolunu seçmişdir. Qeyd olunan bəzi fikirləri kontekstdən çıxararaq, məzmununu təhrif etməklə ictimaiyyətə yanlış məlumat vermişdir. Bu barədə geniş təfərrüata varmadan, həmin iclasla əlaqədar portalda yayımlanan xəbərə aydınlıq gətirmək istəyirəm.

Hesabatın müzakirəsi çərçivəsində mənə ünvanlanan suallardan biri də, FRTEB-in elmi müəssisələrinin nəticələrinin praktikada tətbiqi və büdcədənkənar əlavə maliyyə vəsaitlərinin həcmi ilə bağlı olmuşdur. Həmin məsələ ilə əlaqədar olaraq, cavabımda qeyd etmişəm ki, Bölmənin elmi müəssisələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyildir. Belə ki, ötən il ərzində, 19 layihə tətbiq olunmuş, İnformasiya Texnologiyaları İnstitutunda, təxminən, 150 000, digər institutlarda isə, 10 000, 15 000, 20 000 azn məbləğində büdcədənkənar vəsait əldə olunmuşdur. Əlbəttə ki, bu rəqəmlər çox kiçikdir və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Müvafiq dövlət qurumları, nazirliklərlə əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Həmin qurumların elmə olan tələbatı müəyyənləşdirilməli, elmi müəssisələrin qarşısına vəzifə kimi qoyulmalı, nəzəri tədqiqatlarla yanaşı, tətbiqi işlərə də xüsusi diqqət yetirilməlidir. Bu istiqamətdə fəaliyyətimiz zəif olduğu üçün nazirliklər öz tələbatlarını xarici qurumların iştirakı ilə həyata keçirməli olurlar.

Hazırda isə AMEA rəhbərliyinin çağırışına müvafiq olaraq, tətbiqi tədqiqatlara, büdcədənkənar vəsaitlər qazandıracaq işlərə böyük əhəmiyyət verilir, bu sahədə fəaliyyət innovativ əsaslar üzərində qurulur. Təhlillər onu göstərir ki, bu istiqamətdəki problemlərin obyektiv və subyektiv səbəbləri vardır. Ümumiyyətlə, Elmlər Akademiyasında büdcədənkənar daxil olan maliyyə vəsaitlərinin həcmi qənaətbəxş deyildir. Bu sahədəki vəziyyətin yaxşılaşdırılması üçün AMEA-nın elmi müəssisələri özlərinin elmi prioritetlərinə yenidən baxmalı, Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarının tələblərinə uyğun elmi problemlər və prioritetlər müəyyənləşdirməli, məsələn, kənd təsərrüfatı, neft sənayesi və digər  sektorlara dair daha səmərəli təkliflər irəli sürməlidirlər. Eyni zamanda alimlərimiz müasir dövrün bazar iqtisadiyyatının şərtlərinə uyğunlaşmalı, öz biliklərini kommersiyalaşdırmaq üçün innovativ təfəkkürə malik olmalıdırlar. Belə olduğu halda, AMEA ilə nazirliklər və digər qurumlar arasında əlaqələr daha da intensivləşər və büdcədənkənar vəsaitlərin həcmi bir xeyli yüksələr. Bu isə son nəticədə, alimlərin əməkhaqlarının artmasına, gənclərin elmə gəlişinin stimullaşmasına təkan verə bilər.  

Yuxarıda qeyd olunan fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli iclasının stenoqramı əsasında hazırlanmışdır. azedu.az portalından xahiş olunur ki, mənə istinad olunmaqla yayımlanan xəbərdə (“AMEA vitse-prezidenti nazirlikləri qınadı – “Potensialımızdan yararlanmırlar”) edilmiş təhrifləri aradan qaldırmaq və ictimaiyyətə doğru məlumat vermək üçün bu təkzibi yayımlasın”. 

 AMEA-nın vitse-prezidenti,

akademik Rasim Əliquliyev

AZEDU.AZ PORTALI