15 yanvar - Beynəlxalq Vikipediya Günüdür.
İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.
ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.
Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2007-ci ildən Vikipediya ilə bağlı elmi tədqiqatlara və praktiki fəaliyyətə başlanılıb.
15 yanvar 2014-cü il tarixində AMEA Rəyasət Heyəti “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” Qərar qəbul edib. Həmin Qərara uyğun olaraq, 2014-cü ildə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında viki-qruplar, İnformasiya Texnologiyaları İnstitutunda isə Viki Mərkəz yaradılıb. Viki Mərkəz tərəfindən viki-qrup üzvlərinə nəzəri və praktiki biliklər tədris edilib.
Hazırda Viki Mərkəz aşağıdakı geniş istiqamətlər üzrə çox məhsuldar şəkildə fəaliyyət göstərir:
- Tədris fəaliyyəti. 2008-2019-cu illərdə minlərlə doktorant və dissertanta, 2014-2019-cu illər ərzində 150-ə yaxın viki-qrup üzvünə, dövlət və media qurumlarının əməkdaşlarına “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris edilmişdir. Hazırda institutda təhsil alan magistrantlara müvafiq kurs tədris edilir. Müraciətlər əsasında müxtəlif müəssisə və təşkilatların əməkdaşları üçün bu cür kurslar təşkil edilə bilər.
- Beynəlxalq təcrübənin öyrənilməsi. Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddər ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilir, müvafiq analizlər aparılır, təkliflər işlənilir.
- Monitorinq fəaliyyəti. Vikipediyanın Azərbaycan, ingilis, rus, türk dili seqmentlərində milli maraqlarımıza zidd olan kontentlərin müntəzəm monitorinqi və analizi aparılır, müvafiq hesabatlar hazırlanır.
- Məsləhət xidməti. Müxtəlif təşkilatların və şəxslərın müraciətləri əsasında onlara Vikipediyada işləmək qaydaları, qarşılaşdıqları problemlərlə bağlı lazımi elmi məsləhətlər verilir. Azərbaycanın görkəmli şəxslərinin səhifələrinin yaradılmasına, kitablarının yerləşdirilməsinə dəstək göstərilir.
- İnformasiya təminatı fəaliyyəti. Viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün viki-mühitin zəruri kontent təminatı həyata keçirilir. Bu istiqamətdə işlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində yerinə yetirilir.
- Təbliğat fəaliyyəti. Vikipediya ensiklopediyasının Azərbaycan cəmiyyətində tanınması üçün müxtəlif konfranslarda, forumlarda, televiziya və radio kanallarında, çap və elektron media resurslarında təbliğat-təşviqat işləri aparılır. Bu istiqamətdə işlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində yerinə yetirilir.
- Elmi-tədqiqat fəaliyyəti. Vikipediya resurslarında toplanmış qeydiyyat məlumatlarının analizi (vikimetriya) aparılır, gizli sosial şəbəkələr aşkarlanaraq təhlil olunur və s. Tədqiqatların nəticələri kimi müxtəlif nüfuzlu elmi jurnallarda 13 məqalə nəşr olunub, 10 tezis hazırlanıb və müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfranslarda təqdim edilib. Bunlardan başqa, 3 kitab nəşr olunub. Eyni zamanda, Viki Mərkəzin əməkdaşları tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilən “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihəsi qalib elan olunub. 2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.