Disleksiyalı insanlar üçün cihaz hazırlanıb

09 Yanvar 2020 - 09:03 | Texnoloji yeniliklər
Disleksiyalı insanlar üçün cihaz hazırlanıb

Bu gün Las-Veqasda keçirilən “CES 2020” beynəlxalq sərgisinin üçüncü günüdür. Sərgidə nümayiş olunan texnoloji yeniliklər arasında disleksiyalı insanlar üçün hazırlanmış “Lexilight” adlı cihaz böyük maraqla qarşılanıb.

Disleksiya - beyin qabığının zədələnməsi nəticəsində oxumaq qabiliyyətinin itməsidir. O, anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər.

Disleksiyası olan insanlar mətn oxumaq istəyərkən hərfləri bulanıq görürlər. Bu problem onlarda oxumağı xeyli çətinləşdirir, hətta mümkünsüz edə bilir. Disleksiyanın dəqiq səbəbləri hələ müəyyən edilməsə də, istehsalçılar “Lexilight” cihazının köməyi ilə problemin müəyyən dərəcədə həll olunacağına inanırlar.

Cihazın iş prinsipi sadədir. Beyinin mətn şəklində təqdim olunan məlumatları daha yüksək effektivliklə udması üçün lampanın işıq diodları tənzimlənən tezliklə yayılır. İşıq tezliyinin fərdi tənzimlənməsi idarəetmə düyməsi vasitəsilə həyata keçirilir.

planet-today.ru saytının məlumatına görə, üç yüz insanın iştirak etdiyi sınaqlarda cihazın oxumaq qabiliyyətini həqiqətən artırdığı təsdiqlənib. “Lexilight”ın dəyəri beş yüz əlli avrodur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.