İnstitutun şöbə müdiri Sumqayıt şəhər İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib

31 Dekabr 2019 - 07:16 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun 372 nömrəli sərəncamı ilə Fəxri Fərman ilə təltif olunub. Alim şəhərin ictimai həyatında fəal iştirakına görə bu təltifə layiq görülüb.

Xatırladaq ki, 2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam oldu. Bu səbəblə, Azərbaycan Rrespublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ilboyu təntənəli yubiley tədbirləri keçirilib, şəhərin ictimai həyatında, təhsildə və səhiyyədə öncül sıralarda yer tutan şəhər ziyalıları müxtəlif dövlət mükafatları, orden və medallar, Fəxri fərmanlarla təltif ediliblər.

Bikəs Ağayev Ç.İldırım adına Politexnik İnstitutunun “Avtomatika və telemexanika” fakültəsini bitirib. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlayan B.Ağayev texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləyib. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır.

B.Ağayev “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Audioinformasiyanın paylanmış emalı sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənib və tətbiq edilib, müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri tədqiq edilib. Bununla yanaşı, audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənilib və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində və “Call-center”lərdə operator-kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə tətbiq edilib.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, 2019-cu ilin əvvəlində  informasiya texnologiyaları sahəsinin inkişafında uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyəti nəzərə alınaraq AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin müvafiq sərəncamına əsasən  İnformasiya Texnologiyaları İnstitutunun Fəxri Fərmanı ilə təltif olunub. 

B.Ağayev hazırda Azərbaycanda elektron tullantıların idarə edilməsinin prinsip və konseptual əsaslarının işlənməsi və Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi problemləri üzrə tədqiqat işləri aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.