AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Regional və sektorial aspektdə informasiya və biliklər iqtisadiyyatının formalaşma səviyyəsinin qiymətləndirilməsi məsələləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev iqtisadi inkişafın növbəti mərhələsi kimi informasiya və biliklər iqtisadiyyatı barədə məlumat verdi. O, texnoloji inkişaf və innovasiyaların iqtisadi artımın uzunmüddətli hərəkətverici qüvvəsi kimi çıxış etməsi, informasiya və biliyin cəmiyyətin əsas inkişaf faktoruna çevrilməsi barədə danışdı.
Ə.Əliyev bildirdi ki, ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi üçün innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçid təmin olunmalıdır. Eyni zamanda, iqtisadiyyatın strukturunun məqsədyönlü şəkildə təkmilləşdirilməsinin və iqtisadiyyatda neft-qaz ehtiyatlarının ixracından mövcud asılılığın aradan qaldırmasının prioritet məsələlərdən olduğunu da vurğuladı.
Məruzəçinin sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsində müxtəlif yanaşmalar, göstərici-indikatorlar, metodikalar, indekslər və s. mövcuddur. O, müqayisəli təhlillərin aparılmasında pərakəndəlik olduğunu, müqayisə üçün seçiləcək baza qruplarının tələblərə, regional xüsusiyyətlərə tam cavab vermədiyini diqqətə çatdırdı. Bildirdi ki, informasiya və biliklər iqtisadiyyatının formalaşması vəziyyətinin iqtisadi təhlili zamanı funksional cəhətdən iqtisadi inkişaf mərhələlərinin: aqrar, sənaye, informasiya, bilik, smart texnologiyalar kimi qəbul edilməsi təklif olunur.
Ə.Əliyev regional və sektorial aspektdə informasiya, eləcə də biliklər iqtisadiyyatının formalaşma səviyyəsinin qiymətləndirilməsi üzrə əsas göstərici kimi BMT Sosial İqtisadi İnkişaf Təşkilatının “Biliyə investisiya qoyuluşu” ümumiləşdirici göstəricisini təklif etməsini qeyd etdi. Həmin göstərici işləmələrə, tədqiqata, ali təhsilə, İKT-yə, proqram təminatına olan investisiyaları əhatə edir. Bu göstərici əsasında ölkələr 3 qrupa bölünür: yüksək (ÜDM-in 6%), orta (ÜDM-in 3-4%), aşağı (ÜDM-in 2-3%). Göstərici iqtisadi vəziyyəti investisiya nöqteyi-nəzərindən izah etməyə imkan versə də, durumu tam əks etdirir.
Şöbə müdiri informasiya və biliklər iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsinə regional və sahəvi yanaşmanın xüsusiyyətlərini izah edərək təklif etdiyi metodikanı şərh etdi. O göstərdi ki, regionlar və sektorlar həm ümumi halda, həm də klasterizasiya olunduqdan sonra müəyyən qruplar halında təhlil prosesinə cəlb olunur. Hər bir halda təhlillər və qiymətləndirmələr təklif olunmuş göstəricilər, uyğun ekspert qiymətləri vasitəsilə həyata keçirilir.
Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. Qeyd etdi ki, müasir dövrün iqtisadi perspektivlərini, xüsusən elm, texnologiya, innovasiya tutumlu sahələri kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirmək olduqca çətin məsələlərdəndir. İnformasiyaya və biliklərə əsaslanan iqtisadiyyatın regional və sektorial aspektdə inkişaf səviyyəsinin düzgün və dəqiq qiymətləndirilməsini həyata keçirən indekslər sisteminin işlənilməsi və müntəzəm olaraq onların təkmilləşdirilməsi müasir dövrün tələbidir.
Onun sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatının region və sahələri üzrə kompozit indeksinin, onu formalaşdıran digər indeks, subindeks, eləcə də indikatorların qarşılıqlı təsirinin aydınlaşdırılması və hesablanması mərhələləri onlardan gələcəkdə real təhlil, planlaşdırma, proqnozlaşdırma mexanizmləri kimi istifadə olunmasına imkan yaradır.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.