Dairəvi möhür erası sona çatır?

14 Oktyabr 2014 - 10:07 | Maraqlı məlumatlar
Dairəvi möhür erası sona çatır?

Elektron imzanın tətbiqi vüsət alır

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi sənədlərdə dairəvi möhürün müasir identifikasiya üsulları ilə, o cümlədən elektron imza ilə əvəz edilməsi haqqında qanun layihəsi hazırlayıb.  Dairəvi möhürdən istifadə qüvvədə qalsa da, bu, məcburi olmayacaq.

Dairəvi möhürdən istifadə Rusiya şirkətlərinin sənədlərində mütləq olmayacaq. cnews.ru saytının bildirdiyinə görə, bununla bağlı qanun layihəsini hökumət komissiyası dəstəkləyib.

Layihə nazirlik tərəfindən “Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı prosedurlarının optimallaşdırılması” “yol xəritəsi” çərçivəsində hazırlanıb.

Müasir texnika və texnologiyaların hazırki inkişaf səviyyəsi sənədlərdəki möhürün doğruluğuna zəmanət vermir. Layihə müəlliflərinin bildirdiklərinə görə, şirkətlərin kontragentləri (müqavilə üzrə müəyyən təəhhüd götürən şəxs və ya idarə) və dövlət orqanları möhürün mövcudluğuna diqqət yetirərək sənədlərdəki imzaları araşdırmırlar ki, bu da təcrübədə fırıldaqçılıq hallarının artmasına gətirib çıxarır, korporativ konfliktlərdə istifadə edilir. 

Nazirlikdə hesab edirlər ki, dairəvi möhürü elektron imza, şirkətlərin xüsusi blankları, qoloqrafik möhür ilə əvəz etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.