“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi

09 Dekabr 2019 - 15:12 | Mühüm hadisələr

“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi uğurla başa çatıb.

Bu il 4 gün ərzində xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 min nəfəri uşaqlar olub. Bir sıra orta məktəblərin şagirdlərinin, uşaq evlərindən olan, autizmli, görmə və eşitmə məhdudiyyətli uşaqların sərgiyə ekskursiyası, eyni zamanda onların iştirakı ilə tədbirlər təşkil edilib. Yubiley sərginin digərlərindən əsas fərqi builki sərgiyə qatılan izləyicilərin, xüsusilə gənc sahibkarlar, tələbələr və uşaqların çox olmasıdır.

“Bakutel 2019” 25-ci Yubiley Sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, BƏƏ, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. Ümumilikdə sərgidə 11 xarici milli pavilyon təmsil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində 10 qurumu ilə iştirak edib. İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom), “Bakı Taksi Xidməti” MMC, “Azərpoçt” MMC, “Azərmarka” MMC, Dövlət Radiotezliklər İdarəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi əsas yeniliklərini nümayiş etdirib. Qeyd edək ki, “Caspian Event Organisers” şirkəti tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel 2019” 25-ci Yubiley Sərgisində “Ən çox ziyarət olunan stend” sertifikatına layiq görülüb.

Sərgi iştirakçılarının böyük maraq göstərdiyi pavilyonlardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyaların nümayiş olunduğu “Robopark” zonası olub. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə ediblər. STEM üzrə kurslar İnnovasiyalar Agentliyi, eləcə də tərəfdaşları olan “AREA”, “Mars Academy”, “Engineering for kids”, “B & B Dynamics”, Hədəf Məktəbi, SUMAKS, İKT LAB, “3D Production Group”, “Wriendly”, “AzDimension” şirkətləri tərəfindən reallaşdırılıb.

“Robopark” zonasında Fransadan gətirilən, dünyanın ən təhsilli, əyləncəli və akademik robotu “Pepper humanoid”, robot balıqlar, “Robot arm Kuka” əsasında hazırlanmış, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur robot rəssam, taktiki hərbi kəşfiyyat robotu Spider, müxtəlif Sumo, Güləş və Dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt, İtaliyadan gətirilən pianoçu robot TEOTRONİCO nümayiş etdirilib.

Qeyd edək ki, bu il ziyarətçilərin dəqiq sayı məhz “Robopark” zonasında quraşdırılmış “SDK Fight Corp.USA” əsasında eksperimental “Madmedia” texnologiyası vasitəsilə müəyyən olunub. Bu texnologiya hər bir iştirakçını cinsinə, yaşına, əhval-ruhiyyəsinə və sifətinə görə identifikasiya edərək onları məlumat bazasına yerləşdirməyə imkan verir.

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri “Əşyaların interneti” olub. Təsadüfi deyil ki, sərgi çərçivəsində təşkil olunan 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib. Sərgidə “Internet of Things (IoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərib. Stenddə “Əşyaların interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilib. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar “IoT” məhsullar olub.

Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “IoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim edilib. “Air quality monitor”, “Smart Home”, “Ağıllı Suvarma Sistemi”, “Cleaner Drone”, “Parking Observer”, “Ağıllı Turniket”, “Fleet Management System İoT” həlləri və “İoT Maker” təlim proqramı kimi layihələr yer alıb. İzləyicilər stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış olublar. “Smart Home” şirkəti “Ağıllı Bina və Ev” evlərin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemi, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini və “Beta Dynamics” şirkəti “Beta Cloud – İoT” cihazların idarə edilməsi üçün bulud platformasını nümayiş etdirib.

Sərgidə Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnstitutu İşıqforların idarə olunması ilə bağlı layihəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GardenX” adlı elektron və proqram təminatı həlləri ilə birləşdirilmiş “Ağıllı dibçək” layihəsi ilə maraq doğurub.

Sərgi çərçivəsində təqdim edilən yeniliklərdən biri də “Bakı Taksi Xidməti” MMC-nin yeni elektrik mühərriki ilə işləyən “Levc Tx5” modeli olub. Yeni taksilər elektrik enerjisi ilə işlədiyi üçün ətraf mühit üçün ekoloji cəhətdən zərərsizdir. Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar sürücüyə müvafiq məlumatı ötürür. Qəza vəziyyəti zamanı avtomatik tormozlanma sistemi işə düşür. Hərəkətdə olarkən qapı açılarsa, avtomobil dərhal dayanır. Fiziki qüsurlu insanlar üçün xüsusi panduslar quraşdırılıb, oturacaq avtomobildən kənarda açılır. Gözdən əlillər üçün brayl əlifbası ilə sürücü ilə əlaqə saxlamaq imkanı yaradılıb. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb.

“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim edilib. Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biliblər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.

“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdiriblər.

Məlumat Hesablama Mərkəzinin stendində “Elektron imza (Bulud əsaslı imza, Topluimza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı Mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər təqdim edilib.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti və “Postpay” – elektron pul kisəsi təqdim olunub. Stenddə 200 illik qurumun qədimliyini və simvolunu əks etdirən poçtalyon maketi izləyicilərin böyük marağına səbəb olub. Eyni zamanda stenddə izləyicilər üçün quraşdırılan monitorda “Azərpoçt” MMC-nin yeni layihələri ilə bağlı təqdim olunan informasiya xarakterli roliklərdə ziyarətçilər və media nümayəndələri ətraflı məlumat əldə edə biliblər.

“AzInTelecom” MMC-yə məxsus stenddə yeni məhsul və layihələr, o cümlədən “Hökumət buludu” layihəsi təqdim edilib. Bulud texnologiyaları üzrə ən son xidmətlərə dair “Azcloud MeetUp” adlı interaktiv sessiyalar təşkil olunub.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və SAF – internetdə olan məzmunun filtrasiya xidməti təqdim edilib.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat verilib.

“Azərmarka” MMC öz stendində “Azərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim Bakım” və “Azərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı” və s. mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər nümayiş etdirib.

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik, Vahid radioelektron vasitələri reyestrləri barədə ətraflı məlumat əldə etmək mümkün olub.

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı Karbon Nano Borular yeni nəsil su texnologiyasında, birdivarlı Karbon Nano Borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikroölçülü fosforlar nümayiş olunub.

“Bakutel 2019” sərgisi çərçivəsində ilk dəfə “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirilib. Filmin bu versiyası görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanıb.