AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) şöbələrin illik fəaliyyəti ilə bağlı hesabat iclasları davam edir.
İnstitutun 16 saylı şöbəsinin müdiri Gülnarə Nəbibəyova cari il üçün fəaliyyət planına uyğun olaraq görülən işlərlə bağlı hesabat verib. Öncə şöbədə aparılan elmi-tədqiqatlarla bağlı məlumat verən G.Nəbibəyova xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sisteminin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını, qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodlarının və qeyri-səlis OLAP-modelin işlənildiyini diqqətə çatdırıb. Şöbə müdiri “Elektron Azərbaycan” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” dövlət proqramları çərçivəsində Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üzrə tədqiqatların aparıldığını, bu istiqamətdə terminoloji informatika sahəsində aparılan elmi-nəzəri araşdırmaların müqayisəli təhlil edildiyini bildirib. G.Nəbibəyova şöbədə Azərbaycandili informasiya təhlükəsizliyinin komponenti kimi, media-analitika və informasiya təhlükəsizliyi, sosial-media problemləri istiqamətlərində elmi araşdırmaların aparıldığını da qeyd edib.
Sonra şöbə müdiri AMEA-nın www.science.gov.az rəsmi portalı və institutun www.ict.az saytının illik fəaliyyəti ilə bağlı hesabatları təqdim edib.
AMEA-da aparılan struktur dəyişiklikləri və islahatlar, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət planının icrası istiqamətində www.science.az portalının yeni versiyasının hazırlandığını diqqətə çatdıran məruzəçi bu istiqamətdə kompleks elmi-texnoloji və təşkilati tədbirlərin həyata keçirildiyini bildirib. www.science.gov.az portalının yeni versiyasında innovativ texnologiyaların tətbiqi ilə yanaşı, Milli Elmlər Akademiyasının qurumları və əməkdaşları haqqında informasiya təminatının da yeniləndirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdıran G.Nəbibəyova portalda AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn yayımını həyata keçirən ElmTv pəncərəsinin də olacağını xüsusi vurğulayıb.
Sonra G.Nəbibəyova science.gov.az-ın fəaliyyətindən danışaraq, portalın daimi istismarının yüksək səviyyədə həyata keçirildiyini bildirib, müxtəlif göstəricilər üzrə statistik məlumatları, müraciətlərin illər üzrə dinamikasını təqdim edib.
Müvafiq tədbirlərin ict.az saytı üzrə də görüldüyünü bildirən G.Nəbibəyova saytın yeni versiyasının hazırlanması ilə bağlı mövcud vəziyyət haqqında məlumat verib. Saytın müxtəlif göstəricilər üzrə statistik məlumatlarını nəzərə çatdırıb.
G.Nəbibəyova AMEA-nın institut və təşkilatlarının veb-saytlarına tələblərin işlənildiyini və bu tələblər üzrə monitorinqin aparıldığını bildirərək, şöbənin mütəxəssisləri tərəfindən təşkilatların saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri də diqqətə çatdırıb.
Söbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyətindən də danışan məruzəçi bu istiqamətdə aparılan işlərdən, həmçinin elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketing işlərinin təşkili haqqında məlumat verib.
Hesabat ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib.