İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları araşdırılıb

02 Dekabr 2019 - 09:57 | Konfranslar, İclaslar

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərov “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları haqqında”  məruzə ilə çıxış etdi.

Y.Cəfərov bildirdi ki, Azərbaycanın qlobal informasiya məkanına sürətli inteqrasiyası bir çox taleyüklü məsələlər kimi ad və soyad sisteminin, eləcə də milli identiklik məsələlərinin araşdırılmasını da zəruri edir. Qloballaşma prosesinin bütün müsbət cəhətləri ilə yanaşı, xalqları öz milli xüsusiyyətlərini tədricən itirmək təhlükəsi ilə üz-üzə qoyduğunu qeyd edən alim vurğuladı ki, belə bir şəraitdə milli identikliyin qorunması, hüdudsuz və xaotik qlobal informasiya məkanında xalqın öz milli mənsubiyyətini asanlıqla ifadə edə bilməsi üçün təkmil, dayanıqlı və səmərəli mexanizmlər formalaşdırılmalıdır.

O, tarixin ibtidai dövrlərindən başlayaraq sosial – kommunikativ ehtiyac kimi hər bir xalqın özünəməxsus adlandırma ənənələrinin formalaşdığını və qədim türklərin, o cümlədən azərbaycanlıların da adlandırma sisteminin spesifik xüsusiyyətlərə malik olduğunu söylədi. Qeyd etdi ki, qədim türkdilli abidələr, o cümlədən “Orxon-Yenisey” kitabələri, M.Kaşğarinin “Divani-lüğət-it-türk” əsəri, “Kitabi-Dədə Qorqud” dastanları və bir sıra etnoqrafik məlumatlar türk xalqlarında adlandırma ənənələrinin qədimliyini və sistemliliyini göstərir.

Məruzəçi XIX əsrə doğru Rusiyada cəmiyyətin sosial inkişafının təsiri ilə soyadlardan istifadə meylinin tədricən kütləviləşdiyini, eləcə də XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycanda rəsmi sənədləşmə işlərinin rus dilində aparılmasının və bu zaman vətəndaşların soyadının ənənəvi qaydada, - oğlu - qızı, - uşağı sonluqları ilə deyil, - ov/-yev, -ova/-yeva sonluqlarından istifadə etməklə rus soyadlarına bənzər onomastik vahidlərlə qeyd edilməsinin xalqımız arasında bu cür soyadların süni formada yayılmasına rəvac verdiyini diqqətə çatdırdı.

Y.Cəfərov Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra bu sahədə vəziyyətin nizamlanması məqsədilə Milli Məclisin «Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması» haqqında 2 fevral 1993-cü il tarixli qərarına əsasən, Azərbaycan vətəndaşlarına soyadlarındakı -ov/-yev, -ova/-yeva sonluqlarını «zadə», -lı4, «oğlu», «qızı» sonluqları ilə əvəz etmək və yaxud öz soyadlarını sonluqsuz yazmaq imkanlarının verildiyini, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiqləndiyini qeyd etdi. Söylədi ki, bununla belə mövcud reallıq, cəmiyyətimizdə adlar və soyadlar sisteminin hələ tam nizama düşmədiyini və qlobal şəraitdə xalqımızın milli identikliyi ilə bağlı yeni problemlərin ortaya çıxdığını göstərir.

O, yuxarıda qeyd olunanlarla yanaşı, ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti, öz ad və soyadlarına qazandırdıqları tarixi mənalarla simvollaşan, eləcə də sosial-mədəni status, şöhrət, nüfuz və s. assosiasiyaları yaradan ad komponentlərinin də olduğunu və həmin komponentlərin sırasının pozulmasının onların ifadə etdiyi assosiativ mənaya da xələl gətirdiyini söylədi.

“Artıq dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da biometrik pasportların və yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanmışdır. Biometrik pasport - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ing. International Civil Aviation Organization, ICAO) müəyyən etdiyi yüksək texnologiya və təhlükəsizlik elementləri əsasında hazırlanır”, - deyə bildirən məruzəçi bu pasportlarda adlandırma ilə bağlı texniki-hüquqi standartların ICAO-nun “Maşın oxuya bilən səfər sənədləri” (Machine Readable Travel Documents) üzrə təlimatı əsasında tənzimləndiyini də vurğuladı.

Y.Cəfərov aparılan təhlillər əsasında Azərbaycan Respublikasında adlandırma sisteminin təkmilləşdirilməsi, eləcə də həm ölkə daxilində, həm də qlobal informasiya məkanında xalqımızın milli identikliyinin təmin olunması məqsədilə bəzi təkliflər irəli sürdü.

O, qeyd etdi ki, bu gün yeni inkişaf mərhələsində tarixi nailiyyətlər qazanan, qlobal proseslərin fəal subyektinə çevrilən Azərbaycan dövlətinin adlar vasitəsilə xalqın milli identikliyinin ifadəsi məsələsini yenidən nəzərdən keçirməsi, Azərbaycançılıq ideologiyası çərçivəsində, tarix və müasirlik işığında bu problemin optimal həlli yollarının tapılması xalqımızın gələcəyinə, informasiya cəmiyyətinin inkişafına, milli şüurun, özünüdərk hissinin daha da yüksəlişinə töhfə olardı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.