İnternetdə uşaqların fərdi məlumatlarının qorunması vəziyyəti analiz edilib

22 Noyabr 2019 - 12:52 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “İnternetdə uşaqların fərdi məlumatlarının qorunması vəziyyətinin analizi” mövzusuna həsr olunmuş məruzəni təqdim edən institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva real həyatda olan məlumatların əksəriyyətinin virtual mühitə transformasiya olunduğunu qeyd etdi. Bildirdi ki, Big Data texnologiyaları ilə təchiz olunmuş qurğulardan istifadənin ənənəvi hal alması informasiya mübadiləsini sürətləndirməklə yanaşı, həyatın bütün sahələrində qərarların qəbulu üçün vacib faktora çevrilir və yeni sosial platformalar gənclərin sosiallaşması üçün əlverişli şərait yaradır.

Onun sözlərinə görə, cəmiyyət texnologiyaya əsaslanan aktivlərinin fərdi, korporativ və milli təhlükəsizlik səviyyəsində olan təhdidlərdən qorumalı olduğunu qəbul edir. Bu isə cəmiyyətdə fərdi və ictimai məlumatlar arasında tarazlığın təhlil olunmasına ehtiyac yaradır.

S.Ocaqverdiyeva İnternet istifadəçilərinin müəyyən hissəsinin uşaq və yeniyetmələr olduğunu bildirdi və onların şəbəkədə aktiv olduğunu qeyd etdi: “Rəqəmsal qurğuların sayının gündən-günə artması uşaqların fəaliyyətini dəyişdirir, onların gündəlik həyatı haqqında məlumatları müxtəlif informasiya sistemlərinə ötürür. Bu məlumat bazalarından valideynlər, tədris, səhiyyə, sığorta, bank və bir sıra təşkilatlar maksimum faydalanmağa çalışır”, – deyə bildirən məruzəçi bu məlumatların uşaqlara qarşı yönəlmiş təhdid mənbəyi ola biləcəyini vurğuladı.

Məruzəçi rəqəmsal qurğuların konkret zaman çərçivəsində uşaqların davranışları və fəaliyyətləri haqqında olan məlumatları işıq və ya xüsusi siqnallar vasitəsilə məlumat bazasına topladığını bildirdi: “Rəqəmsal əşyaların həyatımıza nüfuz etməsi faydalıdır. Lakin, evlərdə və məktəblərdə rəqəmsal texnologiyaların geniş tətbiqi yeni sosial problemlərin ortaya çıxmasına səbəb olur. Rəqəmsal əşyalar vasitəsilə uşaqların izlənməsi onların harada olduğu, hansı fəaliyyətlə məşğul olduğu, yuxu rejimini və s. izlənməkdə faydalıdır. Lakin bu izlənmənin mənfi cəhətləri də mövcuddur”.

Məruzəçi uşaqların fərdi məlumatları ilə bağlı hüquqi tənzimləmələr barədə ətraflı məlumat verdi, fərdi məlumatların işlənməsinə dair Avropa Birliyi ölkələri üzrə paylanma cədvəlini təqdim etdi. Bildirdi ki, dünyanın bir çox ölkələrində uşaqların fərdi məlumatlarının qorunması müxtəlif hüquqi müstəvilərdə öz həllini tapır və qəbul edilən qanunlarda əsas məqsədin uşaqların açıq məlumatlarının istifadəsi və gələcəkdə onlara qarşı yönəlmiş potensial risklərin qarşısının alınması olduğunu vurğuladı.

Ölkəmizdə də uşaqların fərdi məlumatlarının qorunmasının vacib məsələlərdən olduğunu qeyd edən məruzəçi Azərbaycanda uşaqların fərdi məlumatlarının mühafizəsi ilə bağlı qanunun qəbul edilməsinin, rəqəmsal kompetensiyanın artırılması üçün metodik vəsait və dərsliklərin hazırlanmasının, eləcə də rəqəmsal cəmiyyətin faydalarını optimallaşdırmaq üçün uşaq və gənclər üçün adekvat hazırlığın təşkil edilməsinin, uşaq və yeniyetmələrə İnternet təhlükələri, fərdi məlumatların İnternetdə paylaşılması və qorunması ilə bağlı təlimlərin təşkil edilməsinin problemin həllində öz müsbət təsirini göstərəcəyini bildirdi. Bundan əlavə, kiçik yaşlarından uşaqlara məlumat mübadiləsi riskləri barədə məlumatlandırmaq üçün əlavə işlərin görülməsinin, fərdi məlumatların ələ keçirilməsi risklərini azaltmaq məqsədilə Əşyaların İnternetinin tətbiqində normativ-hüquqi tənzimləmə, kibertəhlükəsizlik və standartlaşdırma məsələlərinin həlli edilməsinin zəruri məsələlər sırasında olduğunu vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.