Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsində iştirak edib

21 Noyabr 2019 - 17:00 | Konfranslar, İclaslar

Noyabrın 19-da Qazaxıstan Respublikasının Almatı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin elm, texnologiya və innovasiyaların inkişafı sahəsində fəaliyyətinə dəstək olmaq üçün hazırlanmış “İƏT-15 Dialoq Platforması” (OİC-15 Dialogue Platform) konsepsiyasının müzakirəsi və qəbul edilməsi məqsədilə iclas keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təmsil edib.

“İƏT-15 Dialoq Platforması”nın yaradılması təklifi İƏT-in Elm və Texnologiya üzrə 2017-ci ildə Astanada keçirilən ilk sammitində irəli sürülüb. 2019-cu ildə keçirilən təşkilatın Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasının müvafiq qətnaməsində İƏT Baş Katibliyi, Qazaxıstan hökuməti və İƏT-in Elm və Texnologiya sahəsində Əməkdaşlıq üzrə Daimi Komitəsinə (COMSTECH) platformanın yaradılması üçün üzv dövlətlərlə məsləhətləşmələr yolu ilə müvafiq konsepsiya və mexanizmin yaradılması həvalə edilib.

Platforma İƏT ölkələrinin elm və texnologiya sahəsində müvafiq qurumlarının rəsmilərini bir araya gətirərək İƏT regionunda bu sahədə olan sistematik problemlərin müəyyənləşdirilməsi və onların həlli məqsədilə tövsiyələrin verilməsi üçün dialoqu həyata keçirib.  

İclasda çıxış edən İƏT-in Baş katibinin elm və texnika məsələləri üzrə köməkçisi, Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Askar Musinov elm və texnikanın inkişafının müsəlman dünyasının qarşılaşdığı ətraf mühitin çirklənməsi, enerji çatışmazlığı, su mənbələrinin azlığı kimi problemlərin aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.   

Məruzəçi, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlər arasında elm, texnologiya, ali təhsil və elmi tədqiqat sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırdı.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə I sammitində “21-ci əsrdə elm və cəmiyyət arasında inkişaf edən əlaqələr”, “Davamlı inkişaf üçün elm və texnologiya”, “Müasir iqtisadiyyatda rəqabətlilik və innovasiya”, “Elm və texnologiya sahəsində əməkdaşlığın artırılması” mövzuları üzrə iclaslar olub.

Sammit zamanı ölkə başçıları tərəfindən İƏT ölkələri arasında təhsil, elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın artırılmasını ehtiva edən Astana Bəyannaməsi imzalanıb. Tədbirin digər bir sənədi olan  “İKT Elm, Texnologiya və İnnovasiya Gündəliyi 2026”-da bütün vətəndaşlar üçün sağlam həyatın təmin edilməsi, ali təhsilin və tədqiqatın keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlər öz əksini tapıb.

Ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü, akademik Rasim Əliquliyev I sammit çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edib, Azərbaycanda son illər həyata keçirilən elmi-tədqiqat proqramları və əldə edilən elmi nailiyyətlərə dair islam ölkələrindən olan həmkarlarına məlumat verib, əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.