Rusiyanın “Şvabe” şirkəti serebral iflic və insult xəstələrinin əllərinin hərəkət qabiliyyətini bərpa etmək üçün “ekzoəlcək” adlandırılan cihazı təqdim edib.
N.İ.Piroqov adına Rusiya Milli Tibbi Tədqiqatlar Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış aparat və proqram kompleksinə sol və sağ əllər üçün xüsusi “ekzoəlcək”lər, oturacaq, ensefaloqraf, kompüter və monitor daxildir.
3dnews.ru saytının məlumatına görə, sistemin prinsipi insanın zehni əmrlərini anlamaq və onları əllərin mexaniki hərəkətlərinə çevirmək üzərində qurulub. Ensefaloqraf xəstənin başına, ekzoəlcəklər isə əllərinə bərkidildikdən sonra insan özünə əllərini bükmək və ya barmaqlarını tərpətmək kimi zehni əmrlər verir. Cihaz dərhal ensefaloqrafdakı siqnalı oxuyur, kompüterə göndərir və orada proqramın köməyi ilə mexaniki işə çevrilir.
“Ekzoəlcək” əzələlərlə itirilmiş əlaqəni bərpa etməyə kömək edir. Cihazın hətta xəstənin qolunda hərəkət qabiliyyətini tamamilə itirdiyi hallarda da təsirli olacağı gözlənilir.
Ekzoəlcəyin ilkin mərhələdə Avstriya, Belçika, Böyük Britaniya, Şimali İrlandiya, Almaniya, Lixtenşteyn, Lüksemburq, Monako, Hollandiya, Fransa və İsveçrədə istifadəyə veriləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.