Hərbi texnologiyaya yerin 3D-xəritələrini yaratmaq öyrədilib

18 Noyabr 2019 - 10:29 | Texnoloji yeniliklər
Hərbi texnologiyaya yerin 3D-xəritələrini yaratmaq öyrədilib

Mülki texnologiyalar tez-tez hərbi sənayedə tətbiq olunur, lakin bəzən əks proses də baş verir. Kompüter kəşfiyyat üçün ənənəvi vasitə hesab olunan aerofotoqrafiya ilə insanın köməyi olmadan hər hansı tapşırıq üçün ərazinin həcmli xəritələrini yaratmağı öyrənib.

Fototopoqrafiya eyni ərazinin müxtəlif şəkillərini müqayisə etməklə onun 3D modelini yaratma prosesidir. Bu üsul uzun müddət əvvəl məlum olsa da, daha öncə qiymətləndirmə prosesinə insan müdaxiləsi tələb olunurdu ­- optimal nəticələr əldə etmək üçün uyğun kadrları əl ilə seçmək lazım idi.

Amerikanın “Geospatial Research Laboratory” şirkəti tərəfindən hazırlanan görüntü emalının yeni üsulu kompüterə foto və videoları operatorun köməyi olmadan real zaman rejimində dəqiq üçölçülü ərazi xəritələrinə çevirməyə imkan verir. Alınmış sxemdə intensivliyi obyektin hündürlüyü ilə birlikdə artan üçüncü ölçü qırmızı rəngin köməyi ilə qeyd edilir.

4pda.ru saytının məlumatına görə, texnologiya artıq ABŞ ordusunda sınaqdan keçirilib. Qeyd edək ki, real zaman rejimində fotoqrammetriya yerüstü topoqrafiya sistemlərini tamamilə əvəz etməsə də onların məlumatlarını tamamlayacaq.

Gələcəkdə yeni texnologiyaya əsaslanan xəritəçəkmə xidmətlərindən yalnız hərbçilər deyil, eləcə də dövlət xidmətləri, özəl istifadəçilər yararlanmaq imkanına malik olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.