BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edib:
"IV Beynəlxalq Humanitar Forumun açılışında BMT-nin Baş katibi Ban Gi-munu təmsil etmək mənim üçün xoşdur. İlk əvvəl, icazə verin, müxtəlif məsələlər üzrə geniş fikir mübadiləsi üçün əhəmiyyətli bir fürsət təmin edən bugünkü Forumda bizi bir yerə topladığına görə Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edim.
Qısa çıxışımda BMT-nin Azərbaycanla insan inkişafının təşviqinə yönəlmiş birgə fəaliyyəti və bundan irəli gələn bir sıra yeni təşəbbüslər haqqında bəhs etmək istəyirəm. Cənub-Cənub Əməkdaşlığı üzrə Azərbaycanın genişlənən fəaliyyətini nəzərə alaraq, BMT Azərbaycanın öhdəsindən gəldiyi çətinliklər üzrə bilik və təcrübəni digər ölkələrlə bölüşmək üçün Sizin ölkə ilə tərəfdaşlıq etməkdən məmnundur.
Təbiət Azərbaycana zəngin təbii sərvətlər bəxş etmişdir. Tarixdən bizə miras qalan dərs isə ondan ibarətdir ki, bu ehtiyatların hasilatı adambaşına düşən ümumi daxili məhsulu kəskin artırmağa qadir olsa da, heç də mütləq şəkildə dövlət gəlirlərini və ya insan inkişafının səviyyəsini qaldırmağa müvəffəq olmamışdır. Təbii ehtiyatı ölkə sərvətinə və daha geniş insan inkişafına çevrilməsi düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb edir. Azərbaycan zamanında bu baxımdan əhəmiyyətli qərarlar qəbul etmişdir.
1994-cü ilin sentyabr ayında Azərbaycan xarici neft şirkətlərinin konsorsiumu ilə sonradan "Əsrin müqaviləsi" kimi tanınan "hasilatın pay bölgüsü sazişini" imzalamışdır. İlkin razılaşmalar üzrə ölkənin Xəzər dənizinin neft ehtiyatlarının inkişaf etdirilməsindən əldə edilən mənfəətinin səksən faizi Azərbaycana çatmalıdır.
İcazə verin fürsətdən istifadə edib, sentyabrın 20-də Bakıda baş tutan Əsrin müqaviləsinin iyirminci ildönümü münasibətilə Azərbaycanı və onun tərəfdaşlarını təbrik edim. Bu, Azərbaycan qazını Avropaya çatdıracaq yeni boru kəməri olan Cənubi Qaz Dəhlizinin təməlqoyma mərasimi ilə eyni gündə qeyd olunmuşdur.
Bu müqavilə Azərbaycanın inkişafı üçün böyük və yeni imkanlar açmışdır. Digər resurslarla zəngin ölkələr isə Azərbaycanda təbii sərvətin insan inkişafının zənginləşməsinə verdiyi töhvəsi təcrübəsini öyrənməlidirlər.
İllər öncə BMTİP "Qara qızılın insan qızılına" çevrilməsi konsepsiyasının formalaşdırılması üçün Azərbaycana kömək etmişdir. Bu təşəbbüs beynəlxalq rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf etdirilməsinə, inkişaf və insanların bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Bu illər ərzində Azərbaycan yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin yatırılmasına, sosial müdafiə sisteminin qurulmasına və əmək haqqların artırılmasına nail olmuşdur.
Hazırda "Qara qızılın insan qızılına" çevrilməsi konsepsiyası tətbiq olunduğu ilk gündəki qədər vacibdir. İnsan inkişafının artırılması istiqamətində fəaliyyət "Azərbayca 2020: Gələcəyə baxış" adlı milli inkişaf strategiyasının uğur qazanması üçün də fövqal əhəmiyyət daşıyır. BMT-nin İnkişaf Proqramı olaraq, biz bu baxışın reallaşması işində Azərbaycana dəstək olmağa sadiqik.
Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə məqsədlər, həmçinin səhiyyə və ətraf mühitlə əlaqədar bir sıra hədəflər üzrə çağırışları nəzərə alsaq, Minilliyin İnkişaf Məqsədləri (MİM-lər) hələ də Azərbaycan üçün gündəmdə qalmaqdadırlar. MİM-lərdən yarımçıq qalmış işlərin 2015-ci ildən sonrakı qlobal inkişaf strategiyasına daxil edilməsinin ehtimalını nəzər alsaq, növbəti ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf Məqsədləri də Azərbaycan üçün yararlı olacaq. Sözü gedən Məqsədlər bir çox yeni çağırışları ehtiva edəcək və əsas diqqətini BMT-nin üzv ölkələrində heç bir şəxsin inkişafdan kənar qalmamasına və insan inkişafının ətraf mühitin dayanıqlığına uyğun şəkildə aparılmasına yönəldəcək.
Azərbaycan Cənub-Cənub və Üçbucaq Əməkdaşlıq vasitəsilə digər ölkələrlə öz inkişaf təcrübələrini bölüşmək üçün çox yaxşı mövqedədir. Həqiqətən də, BMTİP və Azərbaycan Bakı və Kabildə yerləşən BMTİP-in ofislərinin iştirakı ilə həyata keçirdiyi tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Əfqanistandan olan həmkarlarına öz dəstəyini göstərmişdir.
Ötən il bu Forumun plenar sessiyasında Türkiyənin sabiq prezidenti cənab Süleyman Dəmirəl qara qızılın insan qızılına çevrilməsi təşəbbüsünün digər ölkələrdə tədqiq etmək üçün bir model kimi çıxış edə biləcəyini vurğulamışdır. BMT-nin İnkişaf Proqramı bu fikirlə razıdır və Azərbaycanın yeniliklər ilə bölüşməsi üçün bir çox digər imkanlarının olduğunun şahididir.
Məsələn:
- BMTİP dövlət xidmətlərinə çıxış üçün vahid pəncərə olan ASAN Xidmət Mərkəzinin yaradılmasını alqışlayır. Yarandığı gündən etibarən ASAN Mərkəzlər tərəfindən göstərilən xidmət nəticəsində doğum şəhadətnamələri, icazə və ictimai xidmətlər üzrə digər sənədləri əldə etmək istəyən insanlar üçün gözləmə vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalmışdır. Bu ictimai xidmətlərin səmərəliliyini artırır və korrupsiya üçün imkanları məhdudlaşdırır. Bu yanaşma Azərbaycanda böyük bir müvəffəqiyyət qazanmışdır və ictimai xidmətləri müasirləşdirməyə çalışan digər ölkələrdə də maraq doğuracaq. BMTİP ASAN xidmətin uzunmüddətli strategiyasının formalaşdırılmasında bu təsisatla əməkdaşlıq etmişdir. Mən sabah şəxsən bu mərkəzə baş çəkmək imkanı əldə edəcəm.
- Ölkənin yeni pensiya sisteminin idarəedilməsi Azərbaycanın innovativ yanaşmasının digər mötəbər nümunəsidir. BMTİP dünyanın ən müasir pensiya sistemlərindən birinə çevrilən bu təşəbbüs üzrə əməkdaşlıq etməkdən çox mənmun qalmışdır. Təqaüdçülərin 99%-nə ödənişlər elektron vasitələrlə edilir və buna nail olmaq üçün ən müasir informasiya texnologiyaları sistemləri quraşdırılmışdır. Bu özü də digər ölkələrin yararlana biləcəyi digər bir müvəffəqiyyətdir.
Azərbaycan, həmçinin e-idarəetmə, minatəmizləmə, neft gəlirlərinin idarə olunması və gənclər siyasəti və proqramları kimi geniş sayda sahələr üzrə bölüşmək üçün unikal təcrübələrə malikdir. Eyni zamanda icazə verin BMT Baş Katibinin Gənclər üzrə Elçisinin Ofisi, BMTİP və YUNESKO adından bu il Bakıda Gənclər və İdman Nazirliyi və Avropa Şurası ilə bərabər Gənclər Siyasəti üzrə İlk Qlobal Forumunun həmtəşkilatçısı olmağımızdan mənmunluğumuzu izhar edim. Bundan əlavə, Azərbaycan Respublikasının BMT Baş Katibinin Gənclər üzrə Elçisinin Ofisinə ilk ianə etməsini yüksək dəyərləndiririk.
BMTİP inkişafa yardımı idarə etmək üçün Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) yaradılması üzrə Azərbaycan hökumətinin təşəbbüsünü alqışlayır. Biz bacarıqların yaradılmasında və inkişaf üzrə əməkdaşlıq sahəsində AİDA ilə tərəfdaş etməkdən çox məmnun olarıq. Biz Azərbaycan tərəfinin digər ölkələrə, əlalxüsusus fəlakətlərin aradan qaldırılması və YUNESKO-nun proqramları üçün edilmiş töhfələri barədə məlumatlıyıq.
İnanırıq ki, Cənub-Cənub və Üçbucaq Əməkdaşlıq həm tərəfdaş ölkələr, həmçinin də Azərbaycanın özü üçün faydalı olacaq. Bu ölkələr və müxtəlif ölkə mütəxəssisləri arasında əlaqələri möhkəmləndirməklə, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. Sözü gedən təşəbbüslər Azərbaycanı xüsusi sahələrdə mükəmməllik mərkəzinə çevirəcək ki, bu da ölkənin daha geniş çeşiddə mal və xidmətlərin ixrac qabiliyyətini artıracaq.
Ölkələrdəki ofisləri birləşdirən qlobal şəbəkəsi və 170-dən çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə BMTİP Cənub-Cənub və Üçbucaq Əməkdaşlığı asanlaşdırmaq üçün unikal rola malikdir. Biz İKT və müasirləşdirilmiş dövlət idarəetməsi da daxil olmaqla, insan inkişafı üçün innovativ yanaşmaların mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirən Azərbaycanla çiyin-çiyinə çalışmaqdan mənmunuq.
Mən bir daha bu Forumda iştirak etmək üçün dəvətə görə Azərbaycan Hökumətinə təşəkkür edir və bütün iştirakçılara müvəffəqiyyətli bir Forum arzulayıram".