Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
ictnews.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.
Bakı Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlıq məsələlərinin ən geniş müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonaq iştirak edir.
Dövlət başçısı Forumun açılışında nitq söyləyib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark çıxış edib.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti göstərilib.
Daha sonra ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.
Hazırda forum işini plenar iclasla davam etdirir.