Lazer “ağıllı” qurğuları “sındırmağa” kömək edəcək

06 Noyabr 2019 - 11:18 | Texnoloji yeniliklər
Lazer “ağıllı” qurğuları “sındırmağa” kömək edəcək

Ağıllı” səsgücləndiricilərdən istifadə olduqca rahatdır, lakin eyni zamanda təhlükəlidir. Bu kimi qurğuların “gizlicə dinlənilmiş” səsləri istehsalçılara ötürməsi dəfələrlə aşkar olunub. İndi isə məlum olub ki,“ağıllı” səsgücləndiriciləri bir söz belə söyləmədən “sındırmaq” mümkündür.

Miçiqan Universitetinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Takeşi Suqavaranın rəhbərlik etdiyi alimlər qrupu lazer şüalarının köməyilə “ağıllı” qadcetlərə əmrlərin ötürülməsi üsulunu nümayiş etdirib. Lazeri müəyyən tezliyə qoyduqda və şüanı birbaşa qurğunun mikrofonuna yönəltdikdə səsgücləndirici bu şüanı insan səsi kimi interpretasiya edə bilər.

naked-science.ru saytının məlumatına görə, tədqiqatçılar yeni metodu “Google Home”, “Amazon Alexa” və “Facebook Portal Mini” qurğularında, həmçinin “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən bəzi smartfonlarda yoxlayıblar. Alimlər 60 millivatt lazeri səslə aktivləşdirilən 16 qurğuda sınaqdan keçiriblər. Demək olar ki, bütün “ağıllı” səsgücləndiricilər lazerə 50 metrə qədər məsafədən reaksiya veriblər. Smartfonlarda isə bu məsafə 10,5 metr (iPhone XR), 5 metr (“Samsung Galaxy S9” və “Google Pixel 2”) təşkil edib.

“Youtube” platformasında yerləşdirilmiş videoda “Google Home” səsgücləndiricisinin “işıq əmrləri”nə reaksiya verərək, qarajın qapılarını açdığı göstərilir. Tədqiqatçılar bildirirlər ki, bu üsuldan cinayətkarlar istifadə edə bilərlər, lakin bu, o qədər də sadə məsələ deyil. Birincisi, qurğu kibercinayətkarlar üçün birbaşa görünüş xəttində olmalıdır. Buna görə də, hətta pəncərəni örtmüş pərdələr də onların bütün planlarını alt-üst edəcək. İkincisi, “ağıllı” səsgücləndirici və ya səs assistentinin “sındırılması” məqsədilə avadanlıq yığmaq üçün çoxlu sayda radioelektron komponentlər (təxminən 500 dollar dəyərində) və müəyyən texniki biliklər lazım olacaq.

“Wired” nəşrində dərc edilmiş məqalədə alimlər “ağıllı” səsgücləndirici istehsalçılarına bu kimi qurğulara əlavə mühafizə vasitələri tətbiq etməyi təklif edirlər. Məsələn, qurğuya daha bir mikrofon əlavə etmək və ya xüsusi işıq filtri quraşdırmaq olar. “Google” və “Amazon” şirkətlərinin nümayəndələri Miçiqan Universitetinin tədqiqatçılarının işini diqqətlə öyrənəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.